23 yanvar 2018 19:18
878

YAP qarşıdan gələn seçkilərə tam şəkildə hazır vəziyyətdədir

“Yeni Azərbaycan Partiyası qarşıdan gələn seçkilərə tam şəkildə hazır vəziyyətdədir. Biz hər bir seçkiyə bir il öncədən hazırlaşırıq. Rayon və şəhər təşkilatlarında keçirilən bu konfranslar da qarşıdan gələn seçkilərə hazırlıqla əlaqədardır. Mən qeyd etdim ki, bizim partiyanın 7500 ilk təşkilatı var. Azərbaycanda 5100-dən artıq seçki məntəqəsi var. Hər bir məntəqə ətrafında Yeni Azərbaycan Partiyasının bir və yaxud bir neçə ilk təşkilatı fəaliyyət göstərir. Bizim ilk təşkilatlar ərazi prinsipi əsasında qurulub və biz çalışmışıq ki, hər bir seçki məntəqəsi ətrafında Yeni Azərbaycan Partiyasının ilk təşkilatları olsun. Bunun çox böyük səmərəli cəhətləri var, həm imza toplama kampaniyasında, həm təbliğat-təşviqat aparılması dövründə, həm müşahidəçilik missiyasının həyata keçirilməsi zamanı məntəqələr ətrafında fəaliyyət göstərən ilk təşkilatlarımız mühüm rol oynayır.” Bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş NovruzovTrend-ə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, seçki prosesində müxtəlif funksiyalar həyata keçirəcək insanların hazırlığı da daim diqqət mərkəzindədir: “Biz artıq növbəti mərhələ ilə məşğuluq. Belə ki, seçkilərlə bağlı fevral ayından etibarən partiya üzvlərinə treninqlərin keçirilməsinə başlayacağıq. Xüsusilə gəncləri bu prosesə cəlb etməyə çalışırıq. Yeni Azərbaycan Partiyasının kifayət qədər geniş seçki təcrübəsi var və bu təcrübəni təkmilləşdirərək hər seçkidə müasir seçki texnologiyaları tətbiq edirik. Bu baxımdan, qarşıdakı seçkilər də istisna olmayacaq.”