13 dekabr 2017 18:28
627

Ulu öndər Heydər Əliyevin xatirəsi Daşkənddə də anılıb

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Ulu Öndərin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin mərkəzin qarşısındakı abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Mərasimdə səfirliyin və mərkəzin əməkdaşları, Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.

Tədbir iştirakçıları mərkəzdəki Heydər Əliyev muzeyini ziyarət edib, foyedə Ulu Öndərin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi iqtisadi uğurlar haqqında kitab və albomlara, Azərbaycanın tarixi, mədəniyyəti barədə nəşrlərə baxıblar.

Mərkəzin direktoru Samir Abbasov Ulu Öndərin Özbəkistan–Azərbaycan əlaqələrinin inkişafındakı xidmətləri barədə danışıb.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti haqqında məlumat verib. Səfir ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdən başlayaraq, Moskvadakı fəaliyyəti və ən nəhayət, xalqın təkidli tələbi ilə Bakıya qayıtması və müstəqil Azərbaycanın Prezidenti seçilməsi, ölkəmizi ağır bəlalardan xilas etməsi haqqında söhbət açıb.

Müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyevin ölkəmizi dünyaya tanıtdığını bildirən H.Quliyev deyib ki, Ulu Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra qısa müddətdə siyasi və iqtisadi islahatlar aparıldı, uğurlu nəticələr əldə edildi. Səfir Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında da söhbət açıb.

Sonra “Lider” televiziya kanalı tərəfindən hazırlanan “Unudulmaz” filminin təqdimat mərasimi keçirilib. Ekran əsəri Ulu Öndərin ABŞ-ın Klivlend klinikasında müalicə aldığı dövrü əhatə edir. Müəllif sənədli filmdə Ümummilli Liderlə təmasda olan Klivlend xəstəxanasının həkim kollektivini bir araya gətirib. Filmdə Ulu Öndərin müalicəsində xüsusi əməyi olan ABŞ-ın aparıcı həkimlərinin Ümummilli Liderlə bağlı xatirələri əksini tapıb. Ekran əsərində, eyni zamanda, çox qiymətli və nadir arxiv kadrlardan da istifadə edilib.

Xatırladaq ki, bu filmin premyerası Bakıdakı Nizami Kino Mərkəzində reallaşıb.

“Unudulmaz” filminin ssenari və ideya müəllifi Elnur Niftəliyev film haqqında məlumat verib. Bildirib ki, bu film ulu öndər Heydər Əliyevin həyatının araşdırılmayan anları haqqında çəkilən sənədli ekran əsəridir.