22 noyabr 2017 00:54
668

Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25 illiyi qeyd edilib

Noyabrın 21-də Bakıda Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ölkələrimiz arasında əlaqələrin qurulmasında və inkişafında görkəmli siyasi xadimlər Heydər Əliyevin və Eduard Şevardnadzenin xidmətlərindən danışıb. İqtisadi əlaqələrə toxunan səfir reallaşdırılan enerji və nəqliyyat layihələrinin hər iki ölkənin iqtisadi inkişafına böyük töhfələr verdiyini bildirib.

Diplomat deyib ki, ölkələrimizin beynəlxalq arenada çoxtərəfli formatda əməkdaşlığı olduqca mühümdür. Bu, misilsiz qarşılıqlı dəstəyin bariz nümunəsidir. Parlament diplomatiyasının fəal əlaqələndirilməsi və bu baxımdan əldə olunmuş nailiyyətlər xüsusi əhəmiyyət kəsb edir. İki ölkənin parlamentləri bu cür əməkdaşlığın aparıcı qüvvəsidir.

Azərbaycanın güclü iqtisadiyyata malik qüdrətli ölkə olduğunu vurğulayan səfir Gürcüstana hər zaman göstərdiyi köməyə görə ölkəmizə minnətdarlığını ifadə edib. O, bu il Gürcüstanda meşə yanğınlarının söndürülməsində Azərbaycan Fövqəladə Nazirliyinin köməyini xüsusi qeyd edib.

Diplomat ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov iştirakçılara Prezident İlham Əliyevin təbriklərini çatdırıb. Sədr bildirib ki, Azərbaycan və gürcü xalqlarının dostluğunun çox böyük tarixi var. Hər iki xalq bu dostluğu əsrlər boyu möhkəmləndirərək yaxşı və pis günlərdə bir-birinin yanında olub, bir-birini dəstəkləyib. Münasibətlərimiz inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında münasibətlər həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə dinamik inkişaf edir. Biz çox şadıq ki, bu münasibətlər hüquqi təməl üzərində qurulub. İndiyədək ölkələrimiz arasında dövlətlərimizin başçılarının dəstəyi ilə 108 ikitərəfli sənəd imzalanıb.

Oqtay Əsədov deyib ki, bizim fəal iştirakımızla inşa edilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri xalqlarımızın bugünkü və gələcək rifahı üçün möhkəm təməl yaradır. Ölkələrimizin əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır. Əsrlər boyu Qərblə Şərqi birləşdirən Azərbaycan və Gürcüstan ərazisindən keçən qədim İpək Yolu Bakı-Tbilisi-Qars layihəsinin reallaşması nəticəsində “Dəmir İpək Yolu”na çevrilməkdədir.

Milli Məclisin sədri vurğulayıb ki, dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin böyük rolu var. Biz çox məmnunuq ki, hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Ölkələrimizin nümayəndələri beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir, ümumi maraq doğuran məsələlərdə bir-birini dəstəkləyirlər.

Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün pozulduğunu xatırladan sədr ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəklədiklərini və bu problemin beynəlxalq hüquq normaları əsasında həll olunması uğrunda çıxış etdiklərini vurğulayıb.

Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.