22 noyabr 2017 00:03
820

Naxçıvanda Yeni Azərbaycan Partiyasının 25 illiyi qeyd edilib

Noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvləri Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Tədbir “Araz” Dövlət Qəbul Evində davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Yeni Azərbaycan Partiyası 25 il bundan əvvəl – ölkəmizin həyatında ağır bir dövrdə yarandı. O vaxt iqtisadiyyatı dağılmış vəziyyətdə olan Azərbaycanda siyasi böhran da dərinləşmiş, sosial-iqtisadi vəziyyət ağırlaşmışdı. 1992-ci il noyabrın 21-də yaradılan partiyamız çox keçmədi ki, böyük siyasi hərəkat xarakteri aldı. Yarandığı gündən Yeni Azərbaycan Partiyası hakimiyyət uğrunda deyil, Azərbaycanı məhvə sürükləyən, müstəqilliyimizi təhlükə altına alan uğursuz siyasətə qarşı idi. Bu gün isə Yeni Azərbaycan Partiyası böyük güc mərkəzidir. “Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”, - deyən ölkə Prezidenti, partiyamızı və ölkəmizi ulu öndər Heydər Əliyev yolu ilə aparır.

Ali Məclisin Sədri deyib: Yeni Azərbaycan Partiyasının inkişafında müstəqil və qüdrətli Azərbaycanın inkişafı aydın görünür. Yaradıcısı Ümummilli Lider, özü isə ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası daim Azərbaycançılıq uğrunda mübarizənin önündə dayanmışdır. Bu gün əminliklə deyirik ki, ötən 25 ildə Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi nailiyyətlər böyük quruculuq salnaməsidir. Azərbaycanın davamlı inkişafı, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, güclü orduya malik olmağımız, dünyanın inkişaf edən ölkələri sırasında layiqli yer tutmağımız Yeni Azərbaycan Partiyasının təməlində duran prinsiplərin əməli surətdə həyata keçirilməsinin nəticəsidir.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı da Ümummilli Liderimizin və ölkə Prezidentinin tövsiyələrini əsas tutaraq böyük inkişaf yolu keçmişdir. Partiyanın Muxtar Respublika Təşkilatı, eləcə də şəhər və rayon təşkilatları üçün bütün tələblərə cavab verən inzibati binalar istifadəyə verilmişdir. Bundan başqa, yaradılan yeni qəsəbə və kənd mərkəzlərində 134 ərazi ilk partiya təşkilatı ayrıca iş otaqları ilə təmin edilmişdir. Ötən dövrdə partiyamızın sıraları cəmiyyətin bütün təbəqələrindən olan üzvlər hesabına xeyli genişlənmişdir. Əgər 2000-ci ildə partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının sırasında 17 min üzv vardısa, hazırda üzvlərin sayı 3 dəfədən çox artaraq 54 minə çatmışdır.

Ali Məclisin Sədri deyib: Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının mühüm nailiyyətlərindən biri də öz ətrafında ziyalıları toplamasıdır. Bu gün Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 32 mindən çoxu ali və orta ixtisas təhsillidir. Muxtar respublikanın siyasi, elmi, mədəni potensialının 70 faizdən çoxu Yeni Azərbaycan Partiyasında cəmləşib. Partiya sıralarında gənclərin və qadınların da xüsusi çəkisi artmaqdadır. Hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında gənclərin sayı 22 minə, qadınların sayı isə 23 minə çatmışdır. Ümummilli Liderimizin də ifadə etdiyi kimi, “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”.

Ali Məclisin Sədri deyib: Muxtar respublikamızın sosial-iqtisadi həyatında əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, partiyamız real işlərlə məşğul olur. Bu gün Naxçıvanda enerji və ərzaq təhlükəsizliyi təmin olunub, muxtar respublikanın etibarlı müdafiə sistemi yaradılıb. Sosial-iqtisadi inkişaf sürətləndirilib. Həyata keçirilən islahatların əhatə dairəsi genişləndirilib. Yeni iş yerləri açılıb, əhalinin yaşayışı yaxşılaşdırılıb. Əsası da odur ki, inkişaf davamlı xarakter daşıyır, müasir infrastruktur yaradılır, yollar çəkilir, istehsalat və xidmət sahələri istifadəyə verilir.

Bu nailiyyətlərin qazanılmasında əməyi olanlara və partiya fəallarına təşəkkürünü bildirən Ali Məclisin Sədri deyib ki, Yeni Azərbaycan Partiyasının ideyaları və cəmiyyət həyatının ən müxtəlif məsələlərinə dair baxışları məhdud zaman çərçivəsinə yox, uzun bir dövrə və tarixi proseslərə hesablanıb. Bunu nəzərə alan Ümummilli Liderimiz də deyirdi ki, “Yeni Azərbaycan Partiyası Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin partiyasıdır”.

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva çıxış edərək deyib ki, Ümummilli Liderimizin müəyyənləşdirdiyi dövlət qadın siyasəti muxtar respublikada uğurla həyata keçirilir. Muxtar respublika qadınları bu gün milli dövlət quruculuğu proseslərinin, ictimai hadisələrin fəal iştirakçısı olaraq sosial, elmi-intellektual, mədəni potensialın artırılması, müstəqil dövlətimizin inkişafı, tərəqqisi istiqamətində öz vəzifələrini layiqincə icra etməyə çalışır. Muxtar respublika əhalisinin 51 faizdən çoxunu təşkil edən qadınların qərar qəbul etmədə, hüquq-mühafizə və icra hakimiyyəti orqanlarında iştirakı genişləndirilir. Muxtar respublikada qadınların Yeni Azərbaycan Partiyasında təmsilçiliyi də sürətlə artmaqdadır. Hazırda üzvlərimizin 6597-si təhsil, 3351-i səhiyyə, 1765-i elm, mədəniyyət və incəsənət, 2029-u idarəetmə, 4976-sı isə digər sahələrdə çalışır. Sevda Quliyeva muxtar respublikada qadınlara göstərilən diqqət və qayğıya görə partiyanın qadın üzvləri adından minnətdarlıq edib.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü Sahil Tahirli çıxış edərək deyib: Yeni Azərbaycan Partiyasının keçdiyi yol ümummilli liderimiz Heydər Əliyevin bizə ərməğanı olan müstəqil Azərbaycanın müasir inkişaf tarixidir. Bu gün partiya sıralarında birləşən gənclərimiz ümummilli liderimiz Heydər Əliyev tərəfindən ölkəmizin hərtərəfli inkişafına yönəlmiş quruculuq proqramlarının icrasında və müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində səylə çalışır, dahi şəxsiyyətin ideyaları ətrafında milli birlik nümayiş etdirirlər. Muxtar respublikada görülən böyük quruculuq işləri, yaradılan dayanıqlı ictimai-siyasi sabitlik digər sahələrdə olduğu kimi, dövlət-gənclər siyasətinin də uğurla həyata keçirilməsinə imkan verir. Qazanılan bu uğurların fonunda həm də xatırlayırıq ki, ötən əsrin 90-cı illərində müstəqilliyimiz itirilmək, bununla bərabər gəncliyimiz də məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu gün biz məhvdən, uçurumdan yox, gələcəyə inamla addımlayan gənclər ordusundan danışırıq. Naxçıvan gəncləri qurur, yaradır, vətənimiz və xalqımızın işıqlı gələcəyi naminə səylə çalışaraq peşəkar mütəxəssislər kimi yetişir, həyata keçirilən müasirləşmə siyasətinə töhfə verən ictimai qüvvə kimi özünü göstərirlər. Yeni Azərbaycan Partiyası sıralarında birləşən muxtar respublika gənclərinin yolu birdir: Bu yol böyük yaradıcı gücə malik olan Heydər Əliyev yoludur!

Sonra tədbir iştirakçıları Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Dünənin, bu günün və gələcəyin partiyası” adlı sənədli televiziya filminə baxıblar.