17 noyabr 2017 14:05
895

Azərbaycan daha nəhəng, əzəmətli layihələrə imza atacaq

Müsahibimiz Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmovdur

-YAP-ın 25 illik yubileyi ərəfəsindəyik. Partiyanın yaradılmasında əməyi olanlardan biri kimi bu yolun başlanğıc dövrünü, yəni müstəqilliyimizin ilk illərini necə şərh edərdiniz?

-Obrazlı desək,  o illərdə Azərbaycan Xəzərin sahillərində batmaqda olan nəhəng, əzəmətli bir gəmini xatırladırdı.  Xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran  baş alıb gedir, silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı şəxslərin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına yol açırdı. İnsanlar gecə saatlarından çörək növbəsinə dayanırdılar. Hər gün cəbhədən qara xəbərlər gəlirdi. Xalqın sabaha ümidi tamamilə itmişdi.  Bu gün fəxr etdiyimiz Dənizkənarı Bulvar qəmli-qüssəli, nigaran bir adanı xatırladırdı. İnsanlar küçələrə çıxmaqdan qorxurdular. Bir sözlə, həyat sanki dayanmışdı. Belə çətin bir məqamda Azərbaycan xalqının böyük əksəriyyətinin istəyini ifadə edən  91 nəfər ziyalı ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini ünvanladılar. Ümummilli lider Heydər Əliyevin ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabı bir daha Onun xalqla birliyini, həmrəyliyini nümayiş etdirdi. Yeni yaradılan partiyaya “Yeni Azərbaycan” adının verilməsi təbii ki, məqsəd və məramından irəli gəlirdi. Beləliklə, 1992-ci il noyabrın 21-də patiyanın ilk təsis konfransı keçirildi, ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi. Həmin dövrdən bizləri ayıran 25 illik zaman partiyanın yaranma zərurətini daha qabarıq şəkildə nümayiş etdirir. Xalqın istəyi, zamanın tələbi ilə yaranan partiya qısa müddətdə milyonların partiyasına çevrildi. 

-Tarixdə çox az rast gəlinir ki, partiya yarandıqdan qısa müddət sonra iqtidarda təmsil olunur. Yeni Azərbaycan Partiyası bu uğura imza atan partiyalardandır...

-Bu mühüm hadisəni şərtləndirən əsas amil  Azərbaycan xalqının böyük əksəriyyətinin ulu öndər  Heydər Əliyevə inamı idi.  Xalq müstəqilliyimizin ilk illərində  ölkəyə rəhbərlik edən AXC-Müsavat cütlüyünün yarıtmaz siyasətinin, ölkəni hansı problemlərlə üz-üzə qoymasının şahidi olmuşdur.  Onların hakimiyyət dövrünü Azərbaycanın tarixində qara  səhifə adlandırıram.  Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa olunmasının 25 illiyinə həsr olunmuş tədbirdə söylədiyi bu reallığı bir daha xatırlatmaq istərdim: “Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik. Müstəqilliyimizin birinci dövrü faciəvi dövr idi.”

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin əsasını qoydu. Uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı dünyada tanıdan ulu öndər Heydər Əliyev bildirmişdir: “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil  dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir.” Ümummilli Liderin proqram xarakterli bu tezisi Azərbaycanın 1993-cü ildən sonrakı  yolunun konsepsiyası oldu. Ölkədə sabitliyin yaradılması investisiya axınının sürətlənməsinə, əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinin aradan qalxmasına səbəb oldu. 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə  “Əsrin müqaviləsi”nin imzalanması  Azərbaycanın iqtisadi tərəqqisinə yol açdı, ən əsası ölkəmizə inam daha da artdı. Məhz bu inamın nəticəsidir ki, növbəti illərdə yeni-yeni sazişlər gündəmə gətirildi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki,  Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Neft gəlirlərinin istifadəsində ədalət prinsipinin yüksək səviyyədə qorunması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımların davamlılığını təmin edir. Hər bir ölkənin inkişafında iqtisadi müstəqilliyin rolunu nəzərə alsaq, Azərbaycanın bu uğuru  onun beynəlxalq münasibətlər sistemində yeri və roluna da öz müsbət təsirini göstərir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Bu uğurlarımızda  Yeni Azərbaycan Partiyasının öz payı vardır. Azərbaycanın müstəqillik tarixinin bələdçisi olan Yeni Azərbaycan Partiyası yarandığı gündən tutduğu yola, əqidəyə sadiqlik nümayiş etdirərək, yeni-yeni hədəflərə öz töhfəsini verməyə səy göstərir. 

- 25 illik yol Yeni Azərbaycan Partiyasının tarixinə hansı uğurlu imzaları yazıb?

-  Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası nəinki ölkənin, bölgənin aparıcı siyasi təşkilatıdır. Təbii ki, bu uğura yol açan düzgün təməl, bu təməl üzərində zirvələrin fəth olunmasıdır. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətdə qələbələr, uğurlar partiyası kimi tanınır və nüfuz qazanır. 2003-cü ildə prezident seçkilərindən öncə ulu öndər Heydər Əliyevin xalqa müraciətini hər zaman xatırlayıram. Müraciətdə bildirilirdi ki,  İlham Əliyevə səs verməklə,  mənim  həyata keçirə bilmədiyim işlərin gerçəkləşməsinə nail ola bilərsiniz. İlham Əliyev kimi praqmatik düşüncəli, siyasi cəhətdən yetkin gənc üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirmək imkanındadır.

Bəli, ulu öndər Heydər Əliyevin həmin müraciətindən 14 illik zaman keçir. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq qələbə qazanan Prezident İlham Əliyev bu qələbəsini növbəti 2008, 2013-cü il prezident seçkilərində də təsdiqlədi. 14 ildə  Azərbaycanın keçdiyi inkişaf yolu, qazandığı uğurlar göz önündədir.

Azərbaycanı yüksəkmərtəbəli binaya bənzətmək olar. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu möhkəm təməl üzərində  dövlətimizin başçısı İlham Əliyev təkmil islahatları ilə Azərbaycanı yüksəklərə qaldırır. Bu gün elə bir sahə yoxdur ki, Azərbaycan davamlı uğurlara imza atmasın. “Əsrin müqaviləsi”nin imzalanmasının 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi inkişafının əsası, eyni zamanda etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin göstəricisidir. Dünyaya pəncərə kimi dəyərləndirilən BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca TAP, TANAP, “Cənub Qaz Dəhlizi” layihələri gündəmə gətirilmiş və icrası həyata keçirilir. Öz iqtisadi əhəmiyyətinə görə neft-qaz kəmərlərindən geri qalmayan  Bakı-Tbilisi-Qars dəmiryolu bu günlərdə istifadəyə verildi.  Ümumiyyətlə, bu kimi layihələr hər bir dövlətin müstəqilliyini daha da möhkəmləndirir.

Azərbaycanın iqtisadi və siyasi imkanlarının genişlənməsi  dünya birliyində yeri və roluna da öz müsbət təsirini göstərir. Xalqımız tam əmindir ki, uğurlarımız yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini yaxınlaşdırır. Diplomatik mübarizədə ölkəmizin qələbəsi göz önündədir. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi diplomatik qələbəsinin təzahürü idi.  Bu günlərdə BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında Prezident İlham Əliyevin çıxışını  xatırlayaq. Bu çıxışı  53-cü sessiyadakı çıxışının davamı kimi də dəyərləndirə bilərik. O zaman cənab İlham Əliyev  Baş nazir idi.   Hər iki sessiyada cənab İlham Əliyev dünyanın ikili siyasətinin yaratdığı problemlərə diqqət yönəldərək, bunun ədalətsiz olduğunu bəyan etmişdir. Son sessiyada ölkə Prezidenti işğalçı Ermənistanın törətdiyi hər bir təxribatın qarşısının qətiyyətlə alınacağını bəyan etdi. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, dövlətimizin qətiyyətini bir daha dünyaya nümayiş etdirdi.

Ümumiləşdirsək, 25 illik yol Azərbaycanın, eyni zamanda, Yeni Azərbaycan Partiyasının tarixinə bir-birindən önəmli uğurlar yazıb. Bu uğurlar hər bir Azərbaycan vətəndaşında, partiyanın hər bir üzvündə böyük qürur hissi yaradır, gələcəyə daha böyük inamla addımlamağa səsləyir.  

- YAP-ın ilk təsis olunan təşkilatlarından biri Xətai rayon təşkilatıdır. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- 1993-cü il fevral ayının 13-də təsis konfransını keçirən YAP Xətai rayon təşkilatı həmin dövrdə 25 ərazi üzrə ilk partiya təşkilatında 500 nəfər üzvü birləşdirirdi. Bir nüansı xüsusi xatırlatmaq istəyirəm ki, o zaman hara müraciət edirdiksə, heç kəs konfransı keçirmək üçün bizə yer vermirdi. Bəlkə qorxurdular,   çəkinirdilər, bəlkə də inanmırdılar. Rəhmətlik Rafiq Qasımovla ( o zaman  rayon partiya komitəsinin birinci katibi idi) bir yerdə təşkilatı  yaratdıq. Bir yerdə götür-qoy etdik ki, təsis konfransını harada keçirək? Düşündük ki,  “Bakı” kinoteatrında. Hazırda “Bakı” kinoteatrının direktoru olan  İslam Babayevin yanına getdim.   Ondan xahiş etdim ki,  konfransı orada keçirməyimizə kömək etsin. O bizə köməklik göstərdi. Beləliklə, biz biletlərin 70-80 faizini aldıq, guya  kinofilmə baxacağıq. Bu yolla təşkilatın təsis konfransını keçirdik,  Rafiq Qasımov sədr, mən isə  müavin seçildim.

Ötən müddət ərzində YAP Xətai rayon təşkilatı böyük inkişaf yolu keçmişdir. Hal-hazırda YAP Xətai rayon təşkilatı öz ətrafında 143 ərazi ilk partiya təşkilatını birləşdirir. Bu gün YAP Xətai rayon təşkilatının üzvlərinin sayı 17 mindən çoxdur. Təşkilat Yeni Azərbaycan Partiyasının təşkilatları sırasında fəallığı ilə diqqət çəkir. Çalışırıq ki, üzərimizə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirək.

Günel Eyyubova, 
Vüsal Cahanov, (foto), “İki sahil”