15 noyabr 2017 18:44
1079

Komitə iclasında bir sıra qanun layihələrinə baxılıb

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb

Noyabrın 15-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Əli Hüseynli gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunub.

Bildirilib ki, Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsində müəyyən texniki dəyişikliklər edilir. Dəyişikliyə görə, ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda və ya bu Məcəllənin müvafiq maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, zərər çəkmiş şəxsin hüquqları cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında müvafiq ərazi üzrə fəaliyyət göstərən vəkil qurumunun rəhbərinin təyin etdiyi vəkil tərəfindən həyata keçirilir. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda və ya bu Məcəllənin müvafiq maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, bu Məcəllənin müvafiq maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır.

Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə təklif edilən dəyişikliyə görə, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri maddəsinə görə, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasına başlanılması qaydası maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasını həyata keçirən icra məmuru məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surətini və həmin hökmün icrası barədə göstərişi aldığı vaxtdan üç gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə gəlib qeydiyyatdan keçməsinə dair yazılı bildiriş göndərir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs cəzanın çəkilməsi qaydalarını pozduqda və ya onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdıqda, icra məmuru ona töhmət növündə tənbeh verir.

Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.

Sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.