14 noyabr 2017 22:31
3256

YAP Azərbaycanın müasir tarixində böyük fenomendir

Müsahibimiz YAP Siyasi Şurasının üzvü, BDU-nun «Qafqaz xalqları tarixi» kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim İradə Hüseynovadır

- İradə xanım, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunun bələdçisi, eyni zamanda bir tarixçi alim kimi  25 il öncə tariximizə önəmli səhifə kimi yazılan 1992-ci il 21 noyabr tarixini zərurətə çevirən amilləri necə şərh edərdiniz?

- Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısında xidmətlərindən bəhs edərkən bu gün ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan, nəinki ölkəmizin, bölgənin aparıcı siyasi təşkilatı  kimi nüfuz qazanan  Yeni Azərbaycan Partiyasının yaradılmasını  xüsusi qeyd edirik. Partiyanın yaradıldığı dövrün xarakteristikası hər kəsə məlumdur. Orta və yaşlı nəsil baş verən hadisələrin bələdçisi kimi, gənc nəsil isə müstəqillik tariximizi eşitdiklərinə, oxuduqlarına istinadən təhlil edir və bu fikri böyük fəxr hissi ilə qeyd edirlər ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə belə bir partiyanın yaradılması, eyni zamanda xalqın təkidli tələbi ilə  dahi şəxsiyyətin  hakimiyyətə qayıdışı həmin dövrün tələbi, ortaya çıxan zərurət, bu günümüz üçün möhkəm təməl idi. Müstəqillik tariximizin ilk illəri xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran dövrü kimi xarakterizə olunur. Yaşananların  fonunda xalqın sabaha ümidi yox idi. Belə bir çətin məqamda xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə «Azərbaycan Sizin sözünüzü gözləyir» müraciəti, dahi şəxsiyyətin müraciətə «Yeni, müstəqil Azərbaycan uğrunda» çavabı  itirilən ümidlərin bərpa olunacağına inam yaratmağa başladı. İstər müraciətə, istərsə də Ümummilli Liderin cavabına diqqət yetirsək, Azərbaycanın müstəqilliyinin  bir sərvət olduğu və onun qorunmasının vacibliyi öz əksini tapır. Təsadüfi deyil ki,  Yeni Azərbaycan Partiyası öz adında bütün istəkləri, arzuları birləşdirir. 1991-ci il 18 oktyabrda  öz dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan ilk illərdə  yaşananlara rəğmən öz müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsini yaşadı. «91-lər»in müraciətində xalqı bu çətin vəziyyətdən xilas  edəcək partiyanın yaradılması və ona Heydər Əliyev kimi yüksək idarəçilik qabiliyyətinə,  siyasi bacarığa, dünyagörüşə malik  bir şəxsin rəhbərlik etməsinə ehtiyacın olduğu vurğulanırdı. Ümummilli lider Heydər Əliyevin  yeni yaradılacaq partiya üçün «Yeni Azərbaycan» adını məqsədəuygun bilməsi də təsadüfi deyildi.  Partiya  müxalifət partiyası kimi yaransa da, xalqa, dövlətə müxalifətdə deyildi,  milli maraqlarımız, dövlətçiliyimiz  tutduğu siyasi xəttin əsasını təşkil edirdi. YAP yarandığı gündən bu günə əqidəsinə, tutduğu yola sadiqliyi ilə  diqqət çəkib və bu yol ona hər zaman  uğurlar qazandırıb. Partiya yarandıqdan 6 ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  Azərbaycanın, eyni zamanda Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin təməlini qoydu. Yeni Azərbaycan Partiyası adında ehtiva etdiyi məqsəd və mərama çatmaq üçün  ciddi səylər göstərdi, uğurlu siyasəti ilə milyonların partiyasına çevrildi. Keçilən yol ulu öndər Heydər Əliyevin «YAP dünənin, bu günün  və gələcəyin partiyasıdır» tezisinin   reallıqlara söykəndiyini təsdiqləyir.

YAP xalqın istəyi, zamanın tələbi ilə yaranan partiyadır. Ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etsək, YAP Azərbaycanda  gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir: «O, bir adamın istəyi ilə  yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə  yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının  fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə,  böyük təqiblər şəraitində yaranmış bir partiyadır." 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən  550 nümayəndənin iştirakı ilə  öz təsis konfransını məlum səbəblərdən Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün sıralarında 700 mindən artıq üzvü  birləşdirir. Partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından günbəgün zənginləşməsi, uğurlar, qələbələr partiyası kimi nüfuz qazanması sözsüz ki, ulu öndər  Heydər Əliyevin ideyalarına sədaqətin, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə inamın göstəricisidir.

-Tarix hər bir hadisənin önəminin açıqlanmasında yardımçı missiyasını uğurla yerinə yetirir…

- Təbii. Azərbaycanın müstəqillik tarixinin önəmli səhifələrindən olan Yeni Azərbaycan Partiyasının yaradılması və illər keçdikdə   hansı çətinliklərdən keçdiyi, amma şərəfli  və zəngin yolu ilə qürur duyduğu diqqət çəkən əsas məqamlardandır. Artıq 25 ili arxada qoyuruq. 25 il dəyərləndirmə baxımından çox zəngindir. Son 14 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası  inkişaf edir, təkmilləşir, yeniləşir.  Partiyaya xalqın sevgisi sonsuzdur. Ölkəmizdə keçirilən seçki kampaniyaları bu reallığın təsdiqidir.

Keçilən yolun zənginliyi bir müsahibə çərçivəsində bütün uğurları əhatə etməyi mümkünsüz edir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək xalqa, dövlətə xidmət etmək deməkdir. Azərbaycanın müstəqillik tarixinin əsas bələdçisi olan Yeni Azərbaycan Partiyası populizmdən uzaqlığı, real işləri ilə xalqın dəstəyini qazanıb və bu dəstək davamlıdır. 25 ilin uğurları gələcəyin aydın mənzərəsini yaradır.              

  - Nəzərə alsaq ki, siz dünya tarixşünaslığında ulu öndər  Heydər Əliyev haqqında ilk doktorluq dissertasiyasının müəllifisiniz, bu halda düşünmək olar ki, ulu öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısındakı xidmətlərini elmi işinizdə təqdim etmisiniz… Hər bir araşdırma yeni mənbədir, reallıqlara başqa prizmadan baxışdır.

- Bu fikir sadəcə fikir olaraq söylənilmir ki, Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan göz önünə gəlir.  Müstəqil, müasir Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu əsərin daha zənginliyi liderin idarəçiliyi, xalqına, dövlətinə bağlılığı ilə sıx əlaqədardır. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü xalqa, dövlətə bağlılığı ilə diqqət çəkir. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən dahi şəxsiyyət Heydər Əliyev bir sıra mühüm addımlar atmışdır. Onların sırasında Azərbaycan gənclərinin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almalarını xüsusi qeyd etmək istərdim. Ulu öndər Heydər Əliyev Azərbaycanı müstəqil, xalqımızı xoşbəxt görmək istəyirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra hakimiyyətinin birinci dövründə bugünümüz üçün gördüyü işləri davam etdirməklə Azərbaycanın imzalarını  imzalar sırasına daxil etdi.  Doktorluq dissertasiyam  da məhz «Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmlənməsində Heydər Əliyevin rolu» mövzusuna həsr olunmuşdur. Doktorluq dissertasiyasını yazarkən, dərk edirdim ki, üzərimə çox böyük məsuliyyət düşür. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər  Heydər Əliyevin haqqında kim elmi əsər yazmaq istəyirsə, sanballı tədqiqat işi ortaya qoymaq üçün  hər şey ölçülüb biçilməli,  faktlara, onun gördüyü real işlərə söykənməlidir.  Bu gün fəxr edirəm ki, dissertasiyamı ulu öndər Heydər Əliyevin birbaşa xeyir-duası ilə  yazmışam. Bir məqamı da böyük fəxr hissi ilə qeyd etmək istəyirəm ki,  tədqiqat işimdə ümummilli lider  Heydər Əliyevin icazəsi ilə  şəxsi arxivindən  istifadə etmiş və həmin  sənədləri ilk dəfə elmi dövriyyəyə daxil etmişəm, yəni dahi şəxsiyyətin  şəxsi arxivindən  istifadə etmək imkanı ilk dəfə  mənə nəsib olub. Təbii ki, bir Azərbaycan vətəndaşı olaraq həyatımda iz qoyan bu məqamlar  fəaliyyətimə böyük stimul olub.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixində qoyduğu izlər, gördüyü işlər, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi üçün yaratdığı möhkəm təməl bundan sonra da neçə-neçə tədqiqat işlərinin mövzusu olacaq, ərsəyə gələn hər bir elmi əsər yeni baxışın formalaşmasında, təkmilləşməsində, ictimai fikrin zənginləşməsində əhəmiyyətli rol oynayacaq.  

Ulu öndər Heydər Əliyev kimi  şəxsiyyətlərin tarixdə  rolundan günlərlə, aylarla, illərlə bəhs etmək olar. Zaman bizləri müstəqilliyimizin ilk illərindən uzaqlaşdırdıqca  bu önəmi, rolu daha aydın görürük. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onun qorunması, müdafiə olunması daha çətindir. Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir və bu yol uğurlu yoldur. Dövlətimizin başçısı İlham  Əliyevin  böyük inamla və qətiyyətlə qeyd etdiyi kimi, bugünkü   Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır, inkişaf, tərəqqi dövlət siyasətinin əsasını təşkil edir. Ən əsası bu gün  inkişafın Azərbaycan  modeli mövcuddur və beynəlxalq səviyyədə təqdir edilir. Ulu öndər Heydər Əliyevin fəaliyyəti  zəngin  mənbədir. Onun Azərbaycanımız, xalqımız üçün gördüyü işlər yüksək zirvə kimi gözümüzün önündədir. Ümummilli Lider  hər bir insanın qəlbində özünə bir abidə ucaldıb. O abidənin adı müstəqil Azərbaycan dövlətidir. Möhtərəm Prezidentimiz  İlham Əliyev  bu gün Heydər Əliyevin ideyalarının carçısı, o ideyaları reallaşdıran qüdrətli bir şəxsiyyətdir. Azərbaycan gələcəkdə də  müstəqil, demokratik, sivil dövlət olaraq dünyada öz sözünü deyəcək,  etibarlı tərəfdaş kimi qəbul olunacaq və hər zaman böyük dövlətlərin marağında olacaq ki, ölkəmizlə münasibətlər qurulsun, böyük layihələr həyata keçirilsin. Azərbaycanın gələcəyi çox parlaqdır. Çünki bu gün Azərbaycana rəhbərlik edən şəxs Heydər Əliyev ocağından bəhrələnən, onun ideyalarının qüdrətli  daşıyıcısı, onun siyasi kursunun layiqli davamçısı cənab  İlham Əliyevdır.              

 - İradə xanım, Yeni Azərbaycan Partiyasının sıralarında  qadınların çoxluq təşkil etməsini necə qiymətləndirirsiniz?

  - Əvvəldə də qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin zəkasının, siyasi nüfuzunun, müdrikliyinin məhsulu olan  partiyadır. Heydər Əliyev kimi  qüdrətli tarixi şəxsiyyət bu partiyanın fövqündə dururdu.  Bunun nəticəsidir ki, bu gün sıralarında 700 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası  cəmiyyətimizin, dövlətimizin aparıcı siyasi qüvvəsinə çevrilib.  Mən fəxr edirəm ki, ulu öndər Heydər Əliyevin işığı, ziyası ilə  pərvazlanan YAP-ın Siyasi Şurasının üzvüyəm.  Partiyanın üzvü olaraq çalışıram ki,  dövlət quruculuğu işlərində fəal, bütün varlığımla və qüvvəmlə iştirak edim,  partiyamızın və dövlətimizin banisi ümummilli lider  Heydər Əliyevin ideyalarının gerçəkləşməsində  öz fəal mövqeyimlə seçilim.

Təbii ki, belə qüdrətli, nüfuzlu, monolit partiyanın üzvü olmaq hər bir Azərbaycan vətəndaşı, o cümlədən qadınlarımız  üçün böyük fəxrdir. Partiyanın sıralarında birləşən üzvlərin böyük əksəriyyətini, daha dəqiq desək, 50 faizdən çoxunu qadınlar təşkil etməsi ictimai-siyasi fəallıqlarının göstəricisi olmaqla yanaşı, Heydər Əliyev irsinin təbliğinə, eyni zamanda möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın daha da qüdrətlənməsinə töhfələrini vermək istəklərinin nümayişidir. Ulu öndər Heydər Əliyev partiyanın sıralarında qadınların və gənclərin böyük çoxluq təkil etməsinin vacibliyini bildirirdi. Partiyanın tərkibində Qadınlar Şurasının, həmçinin Gənclər Birliyinin yaradılması təsadüfi deyildi. Dahi şəxsiyyət qadınları böyük qüvvə, dayaq kimi dəyərləndirirdi: «Bizim partiyada  qadınların xeyli yer tutması da  sevindirici haldır. Qadınlar cəmiyyətdə  çox həlledici təbəqədir.» Möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyətində də bu xətt əsas yer tutur. Məlumdur ki, cənab İlham Əliyev idarəçilik sistemində, parlamentdə, bələdiyyələrdə qadınların, gənclərin təmsilçilik faizlərinin artırılmasını prioritet məsələ kimi irəli sürdü. Yeni Azərbaycan Partiyası bu tapşırığa uyğun olaraq son parlament və bələdiyyə seçkilərində qadınların təmsilçilik faizlərinin artırılmasına xüsusi diqqət yönəldərək lazımi nəticəyə nail oldu.

Yeni Azərbaycan Partiyasının digər üzvləri kimi qadınlar da  həyata keçirilən siyasətə dəstəklərini öz əməli işləri ilə  nümayiş etdirməyə səy göstərirlər. Hansı sahəyə diqqət yetirsək, qadınların fəallığını görərik. Yeni Azərbaycan Partiyasının sıralarında bütün sahələrdə çalışan qadınlarımız təmsil olunurlar. Bunun özü özlüyündə böyük dəstək, böyük qüvvədir.  

Tam qətiyyətlə deyə  bilərəm ki, bu gün Azərbaycan dövlətinin keşiyində  hər zaman möhkəm dayanan şəxsiyyət, Azərbaycana bacarıqla, peşəkarlıqla rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.  Biz ziyalılar İlham Əliyevin ətrafında daha da sıx birləşməli, ona öz əməli fəaliyyətimizlə dəstək olmalıyıq. Azərbaycanın gələcəyi, Azərbaycanın sükanı etibarlı əllərdədir.

Yeni Azərbaycan Partiyasının sədr müavini, Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün sahələrdə, o cümlədən siyasi fəaliyyəti təqdirəlayiqdir, hər bir Azərbaycan qadını üçün örnəkdir. Azərbaycan qadınlarının simvolu kimi ölkəmizi xarici dövlətlərdə  layiqincə təmsil edən Mehriban xanım  Əliyeva YAP-ın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsində də partiyanın ideyalarına sadiq qalaraq humanizm və xeyirxahlıq layihələri ilə diqqəti cəlb edir. YAP-ın genişlənən beynəlxalq əlaqələrinin, region ölkələrində fəaliyyət göstərən partiyalarla əməkdaşlıq münasibətlərinin genişlənməsində, gənclərin siyasi maarifləndirilməsində  yaxından iştirak edir.  YAP-ın əsas ideyası olan  qarşılıqlı  əməkdaşlıq prinsiplərinə uyğun olaraq həyata keçirilən layihələrdə  tək ölkəmizin deyil, qardaş  respublikaların da  maraqlarına uyğun  tədbirlərin keçirilməsinə daha çox maraq göstərir. Mehriban xanım Əliyevanın  təşəbbüsü ilə reallaşan bütün tədbirlərdə  ilk növbədə Azərbaycanın daxili və xarici siyasəti, dövlətçilik maraqlarına üstünlük verilir ki,  bu prinsiplər YAP-nın bütün üzvləri kimi  Mehriban xanımın  ideyası,  həyat amalı və  yaşam əqidəsidir. Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolunu möhtərəm Prezidentimiz İlham Əliyevin bu fikirləri ilə ifadə etmək istərdim: «Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük fenomendir. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur.» Partiyanın güc mənbəyi ulu öndər Heydər Əliyevin zəngin irsi və möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi fəaliyyətinin uğuru, qüdrətli Azərbaycanı gələcək inkişafa aparan yoldur.

Yeni Azərbaycan Partiyasının 25 illiyi  münasibətilə partiyanın hər bir üzvünü təbrik edir, qüdrətli Azərbaycan naminə birlik, həmrəylik arzulayıram.

Yeganə Əliyeva, «İki sahil»