14 noyabr 2017 16:20
1051

Pakistan ictimaiyyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin “Waqt TV” kanalının “Səfirlik yolu” proqramına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, səfir Azərbaycan-Pakistan münasibətlərinin inkişafı, hər iki ölkə rəhbərliyinin diqqəti nəticəsində əməkdaşlığın daha da şaxələndirilməsi istiqamətində görülən işlər və həyata keçirilən layihələr haqqında məlumat verib. Azərbaycanda xarici investorlar üçün yaradılan münbit şərait, kənd təsərrüfatı, sənaye sahələri və texnoloji parkların fəaliyyəti haqqında məlumat verən səfir Azərbaycanla Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ticarət-iqtisadi, hərbi-texniki, enerji, turizm və digər sahələrdə də əməkdaşlığa öz töhfəsini verdiyini söyləyib. O, 2017-ci ildə ticari-iqtisadi və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi üçün iki birgə işçi qrupun yaradıldığını, viza rejiminin Pakistan vətəndaşları üçün sadələşdirildiyini və qarşılıqlı investisiya üçün imkanların artdığını bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqqında məlumat verən səfir Azərbaycan torpaqlarının sülh yolu ilə azad olunması üçün dünya ictimaiyyətinin təcavüzkar Ermənistana təzyiq göstərməsinin və ciddi sanksiyalar qəbul etməsinin vacibliyini bildirib.

Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı məlumat verən səfir İslam dininin sülh və əmin-amanlıq dini olduğunun dünya ictimaiyyətinə bir daha çatdırılması, İslam ölkələri arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi üçün Azərbaycanda, eləcə də ölkəmizin təşkilatçılığı ilə digər xarici ölkələrdə müxtəlif tədbirlərin təşkil olunması və layihələrin icra edilməsi, 54 ölkənin iştirakı ilə İslam Həmrəyliyi Oyunlarının Bakıda yüksək səviyyədə keçirilməsi barədə məlumat verib.

Səfir, həmçinin aparıcının ikitərəfli əlaqələrə və regional məsələlərə dair digər suallarına cavab verib, bu ilin sonuna kimi Azərbaycanla Pakistan arasında bir sıra qarşılıqlı səfərlərin baş tutacağını və layihələrin icra ediləcəyini bildirib.