14 sentyabr 2017 00:11
346

Fikrət Sadıqov: Ermənistan yalnız güc vasitəsini dərk edir

“İstefaya gedən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland altı maddədən ibarət təkliflər irəli sürmüşdü. Bu təkliflər də, “Madrid prinsipləri” ilə üst-üstə düşürdü. Yəni Azərbaycanın maraqlarına cavab verən və bizi qane edən təkliflər idi”. Bu fikri politoloq Fikrət Sadıqov “İki sahil” qəzetinə açıqlamasında bildirdi.

F.Sadıqov söylədi ki, yeni gələn amerikalı həmsədr Endrü Şofer isə bunu təkrar etmədi, amma eyni zamanda inkar da etmədi: “Dedi ki, biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. İndi biz görüş ərəfəsindəyik. Bu yaxınlarda ABŞ-ın Nyu-York şəhərində BMT-nin Baş Assambleyasının sessiyasında Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri formatında görüşü təşkil olunmalıdır. Düşünürəm ki, əgər ABŞ tərəfindən irəli sürülən bu təkliflər gündəmə gətirilsə, ciddi müzakirə olunsa və əlbəttə ki, Ermənistana müəyyən təzyiqlər edilsə, münaqişənin həllində hər hansı canlanma baş verə bilər”.

Politoloq qeyd etdi ki, Ermənistan yalnız güc vasitəsini dərk edir: “Ermənistan illər ərzində aparıcı dövlətlərin himayəsi altında qalaraq özünü belə aparır. Yəni nəinki qeyri-konstruktiv, sadəcə olaraq bir nəticəyə gəlmək, torpaqları azad etmək istəmir və beynəlxalq hüquq normalarını tapdalayır. Ona görə də, əlbəttə ki, yeni təmsilçi ilə bərabər, ATƏT-in Minsk qrupu tərəfindən işğalçı ölkəyə müəyyən təzyiqlər edilməlidir. Onda danışıqlar prosesində və ümumiyyətlə, regionda baş verən proseslər kontekstində müəyyən canlanma yarana bilər”.

Cavid Əkbərov, “İki sahil”