25 may 2017 16:26
333

Azərbaycan ilə Litva arasında əlaqələr uğurla inkişaf edir

Azərbaycanın Litvadakı səfirliyində 28 May – Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib.

Qəbulda Litva Seyminin vitse-spikeri İrena Şiauliene, təhsil və elm naziri Yurqita Petrauskiene, Seymin insan hüquqları komitəsinin sədri, Seymdə Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrupun rəhbəri Valerius Simulik və qrupun üzvləri, Baş nazirin müşavirləri, Xarici İşlər Nazirliyinin idarə rəisləri, Litva universitetlərinin rektor və müəllimləri, ictimai-siyasi xadimlər, yerli KİV-lərin nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri iştirak ediblər.

Azərbaycan və Litva dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Həsən Məmmədzadə tədbir iştirakçılarına Respublika Günü haqqında məlumat verərək bildirib ki, bu il müstəqilliyin 99-cu ildönümü qeyd edilir. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımız üçün tarixi hadisə olduğunu vurğulayan səfir müsəlman aləmində ilk dəfə Azərbaycanda qurulmuş demokratik respublikanın qırmızı ordu tərəfindən işğal edilməsinə baxmayaraq, dövlətçilik, müstəqillik və demokratiya ideyasının xalqımızın yaddaşından silinmədiyini, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdiyini diqqətə çatdırıb.

Səfir müstəqilliyin ilk illərinin heç də asan olmadığını, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal edildiyini, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayıb, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanın öz iqtisadiyyatını inkişaf etdirdiyini bildirib. O, Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində respublikamızda bir sıra beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirildiyini qeyd edib. Ölkəmizdə 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə “Formula 1” yarışının, bu günlərdə isə IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini və bu Oyunlarda Azərbaycan idmançılarının 75 qızıl medal qazandığını diqqətə çatdırıb.

Azərbaycan-Litva münasibətlərindən danışan səfir ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Səfir Litva Seymindəki Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrupun fəaliyyətindən məmnunluq ifadə edib, qrup üzvlərinin sayına görə Seymdə ən iri olduğunu vurğulayıb və bu il Azərbaycan-Litva İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının Litvada keçirilməsinin planlaşdırıldığını deyib.

Litva Seyminin vitse-spikeri İrena Şiauliene müstəqillikdən sonra Litva Seymi ilə Azərbaycan Milli Məclisi arasında əlaqələrin inkişaf etdiyini və intensivləşdiyini bildirib. O, əlaqələrin yalnız ikitərəfli deyil, həm Baltik Assambleyası, həm də GUAM Parlament Assambleyası çərçivəsində mövcud olduğunu diqqətə çatdırıb, bayram münasibətilə Azərbaycan xalqını təbrik edib.

Seymin insan hüquqları komitəsinin sədri, Seymdə Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrupun rəhbəri Valerius Simulik rəhbəri olduğu qrupun üzvlərinin adından və şəxsən öz adından xalqımızı Respublika Günü münasibətlə təbrik edib. Ölkələrimiz arasında tarixi baxımdan oxşarlığın olduğunu qeyd edən millət vəkili bildirib ki, xalqlarımız çox çətinliklərlə üzləşib. O, iki ölkə arasında dostluq müstəvisinə söykənən əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb, Azərbaycan ilə Litva arasında münasibətlərin daha da dərinləşəcəyinə əmin olduğunu söyləyib.

Daha sonra Azərbaycandan gəlmiş “Şuşa” muğam ansamblı qonaqlara musiqi proqramı təqdim edib. Müğənni Günay Mehdiyevanın oxuduğu “Sarı gəlin”, “Qarabağ şikəstəsi” və digər mahnılar, eləcə də rəqqasə Müjgan Quliyevanın ifa etdiyi “Qaval” rəqsi böyük maraqla qarşılanıb.

Rəsmi hissədən sonra ziyafət verilib, Azərbaycan şərablarının təqdimatı keçirilib.