22 iyul 2017 00:54
431

Mediamız yalnız dövlətlə birlikdə olanda güclüdür

Müsahibimiz “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevdir

- Aydın müəllim, 142 illik tarixi olan Azərbaycan mətbuatının keçdiyi yolu və bugünkü durumunu necə dəyərləndirirsiniz?

- Mətbuatımız doğrudan da çox böyük yol keçib. 142 illik  tarixə malik olmaq təkcə media üçün qürur doğuran hadisə deyil. Bu, bütün cəmiyyətimizin qürur duyacağı bir tarixdir.  Dünyada çox az xalqları göstərmək olar ki, onların milli mətbuatının 140-dan artıq yaşı var. Azərbaycan çox gənc bir dövlət olmasına baxmayaraq 4000, 5000 yaşı olan dövlətlərdən daha zəngin mətbuat tarixinə malikdir. 

Mətbuat tariximiz Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlayır. “Əkinçi” qəzeti az çıxdı, daha sonra onu  başqa qəzetlər əvəz etdi. O dövrdə bizim mətbuatımıza dövlətin dəstəyindən, ümumiyyətlə, söhbət gedə bilməzdi. Çünki o zamankı Çar Rusiyası dövlətin inkişafında nəinki maraqlı deyildi, hətta milli mətbuatın inkişafından qorxurdu. Çünki bilirdilər ki,  dövlət inkişaf etsə, müəyyən  maraqlarla  uyğunlaşmayan ideologiyaların yayılması,  Azərbaycan xalqında milli şüurun  oyanması baş verə bilər. Buna görə də milli mətbuatı boğurdular. “Əkinci”” qəzeti bunun bariz nümunəsidir. Daha sonra Azərbaycan Xalq Cumhuriyyətinin dövründə müəyyən şərait yarandı, amma o zaman da dövlətin dəstəyi yox idi. Çünki dövlət özü yeni yaranırdı və ayaqda durmağa çalışırdı. Daha sonra Sovet dövründə  mətbuatın inkişafında dövlət maraqlı ola bilməzdi. Dövlət Azərbaycanda milli mətbuatın milli maraqlar, milli dəyərlər əsasında yox, yalnız o dövr üçün xarakterik olan  kommunist ideologiyasının çərçivəsində irəliləməsində maraqlı idi. Bu da milli mətbuatın inkişafı hesab edilə  bilməzdi. Əslində bu milli mətbuatı çərçivəyə salmaq siyasəti idi. Həmin dövrdə də bizim milli mətbuatımızda hər hansı bir real inkişafdan söhbət gedə bilməzdi. Nəhayət,  Azərbaycan müstəqil olduqdan sonra, xüsusilə də ulu öndər  Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıtdıqdan  sonra milli mətbuata dövlətin sözün həqiqi mənasında həm maddi, həm ideoloji, həm praktik dəstəyi başladı. Bu gün də bu dəstək  göz qabağındadır. Demək olar ki, Azərbaycanın milli mediası yalnız dövlətçilik maraqları üzərində fəaliyyət göstərir. Bizim mediamız heç vaxt indiki qədər dövlətçi media olmayıb. Əslində mediamız belə dövlətçilik üzərində güclənməklə sübut etdi ki, dövlətin dəstəyi olmadan milli media güclü ola bilməz. Dövlətin dəstəyindən məhrum olan milli media mütləq məhvə məhkumdur,  yadelli mərkəzlərin təsiri altına düşəcək. Sübut olundu ki, mediamız yalnız dövlətlə birlikdə olanda güclüdür. Bir sözlə, mili mətbuatımızın 142 illik tarixinə nəzər salsaq görərik ki,  əldə çox böyük nəticələr var və bunlarla qürur duymaq olar. 

- Bu gün Azərbaycan jurnalistlərinin sosial problemlərinin həlli istiqamətində olduqca mühüm addımlar atılır... 

- Doğrudan da Azərbaycanda jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dünyada bənzəri olmayan addımlar atılır. Bu gün Azərbaycanda heç bir jurnalistin öz gücü ilə ev almaq imkanı yoxdur. Jurnalistlərə birinci  dəfə 156, ikinci dəfə 255 mənzil verilməsi çox əhəmiyyətli layihədir.  İlk dəfə 2013-cü ildə mənzillər veriləndə Azərbaycanda doğrudan da jurnalistlərə əvəzsiz mənzilin veriləcəyinə heç kim inanmırdı. Amma bu həyata keçdikdə mənzil alan jurnalistlərlə bərabər yeni ev almaq arzusu ilə yaşayan jurnalistlər ordusu formalaşdı. Hamı gördü ki, bu realdır. Görün bu layihə ilə Azərbaycanda nə qədər jurnalist sevinir. Bu böyük layihənin həyata keçirilməsi ilə  jurnalistlərin bir redaksiyadan başqa redaksiyaya tez-tez yerini dəyişməsi kimi ciddi bir problemdən də azad olduq. KİVDF-nin xətti ilə həyata keçirilən digər bir layihə yazı müsabiqələrinin keçirilməsidir.  Bir sözlə, dövlətimizin KİV-lərin inkişafına verdiyi bu maddi dəstək çox real nəticəyə malikdir. Bu kimi addımlar  jurnalistlərin peşəkarlığını artırır, eyni zamanda bütün mediamızı dövlətçiliyimiz ətrafında səfərbər edir.  Ən əsası da budur ki, jurnalistlərin  sosial müdafiəsi gücləndirilir.  Cəmiyyətdə jurnalist peşəsinə bir inam, ehtiram, meyil yaranır. 

- Aydın müəllim, Azərbaycan jurnalistikasında peşəkarlarla yanaşı, fəaliyyəti ilə sənətə xələl gətirən  reket jurnalistlər də yox deyil. Sizcə, bunun qarşısının alınması üçün hansı tədbirlər görülməlidir? 

-Sözsüz ki, tədbirlər görülür. Artıq sistem, mexanizmlər mövcuddur. Bu mexanizmlər fasiləsiz işləyir. Həmin mexanizmi bir neçə istiqamətdə şərtləndirmək istəyirəm. Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə komissiyası fəaliyyət göstərir. Həmin komissiyanın bu günə qədər gördüyü işlərin nəticəsində 100-dən artıq media orqanı qara siyahıya salınıb. Mahiyyət ondan ibarətdir ki, hazırda xeyli dərəcədə reketçiliyə meyilli həmkarlarımız azalıb. Bütün bunlar görülən işin nəticəsidir. KİVDF-nin də xətti ilə  reket jurnalistikaya qarşı sərt addım birbaşa olmasa da,  müəyyənləşdirdiyi iş metodları əsasında nəticələr əldə olunur.  Məsələn, adı reket jurnalistika siyahısında olan media orqanları KİVDF-nin  hər 6 aydan bir həyata keçirdiyi qrand layihələrdə, ödənişli müsabiqələrdə iştirak edə bilməzlər. Bu da öz nəticəsini verir. Digər tərəfdən ictimai rəy mexanizmi vardır. Hesab edirəm ki, qeyd etdiyimiz  istiqamətlərdə görülən işlər davam etdirilsə,  reket jurnalistika yaxın zamanlarda tarixə qovuşacaq. 

- Azərbaycanda söz azadlığının qorunması istiqamətində görülən işlər qənaətbəxşdirmi?

-Dövlətin bu istiqamətdə atdığı addımlar davamlıdır. Həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm də söz, fikir  azadlığının pozulması cəhdlərinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində göstərilən səylər öz nəticəsini verir. Azərbaycanın dövlət olaraq dünyaya inteqrasiyasını şərtləndirən  amillərdən biri media azadlığının qorunub saxlanılmasıdır. Elə bir beynəlxalq təşkilat yoxdur ki, orada söz, mətbuat  azadlığı həmin təşkilatın vacib elementləri sırasında olmasın. Bu gün ölkəmizdə  media azadlığı ilə bağlı heç bir təhlükə yoxdur. Fikrimcə, mediamız inkişaf perspektivlərinə tam şəkildə cavab verir.

Şəmsiyyə Əliqızı,
Vüsal Cahanov (foto),  
“İki sahil”