18 oktyabr 2017 21:25
571

Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi palitrasına yeni nəfəs gətirib

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyi ilə əlaqədar partiyanın Səbail rayon təşkilatı oktyabrın 18-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda “dəyirmi masa” keçirib.

AZƏRTAC xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək partiyasının hansı çətin şəraitdə yaradılması haqqında danışıb, onun təsis edilməsinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. YAP-ın yaradılmasının tarixi zərurət kimi meydana çıxdığını deyən Ş.Hacıyev qeyd edib ki, həmin ərəfədə Azərbaycanda xaos hökm sürüb. Dağılmaqda olan ölkəni xilas etmək üçün Azərbaycanın bütün regionlarını təmsil edən 91 ziyalının Heydər Əliyevə ümumxalq müraciət ünvanlaması, həmin il Yeni Azərbaycan Partiyasının təsis olunaraq Heydər Əliyevin YAP-ın ilk sədri seçilməsi milli dövlətçiliyimiz üçün mühüm dönüş nöqtəsi oldu. Ş.Hacıyev müstəqilliyin ilk illərində ölkəmizdə gedən proseslər, Heydər Əliyevin hakimiyyətə qayıtması, müasir Azərbaycan dövlətinin qurulması və Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi on il ərzində Azərbaycanda əldə olunmuş nailiyyətlər haqqında bəhs edib. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib. Bu gün YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib.

Milli Kitabxananın direktoru Kərim Tahirov “dəyirmi masa”da çıxış edərək bildirib ki, bəşər tarixində ölkələrin, xalqların həyatında əhəmiyyətli rol oynayan, onun tarixdən silinməsinə, yox olmasına imkan verməyən şəxsiyyətlər olub. Tarix boyu həmin şəxsiyyətin adı ölkənin, xalqın adı ilə qoşa çəkilib. Ulu öndər Heydər Əliyev də belə şəxsiyyətlərdən biri idi.

Kərim Tahirov Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısında göstərdiyi misilsiz xidmətlərin əhəmiyyətindən ətraflı söhbət açıb.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. O deyib ki, ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan müstəqil dövlət kimi qala bildi, inkişaf yoluna qədəm qoydu, gücləndi. Ulu Öndərin əsasını qoyduğu siyasət bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Müzakirələrlə davam edən tədbirdə Milli Kitabxananın bir neçə əməkdaşına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.