18 oktyabr 2017 22:57
412

Ombudsman Aparatının əməkdaşları Portuqaliyada səfərdədirlər

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı və bir qrup əməkdaşı Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində Portuqaliyada təcrübə mübadiləsi keçir.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Almaniya, Yunanıstan, Polşa və Portuqaliyadan olan tərəfdaşların iştirakı ilə həyata keçirilən Tvinninq layihəsinin dördüncü komponenti çərçivəsində Portuqaliyaya səfər edilib.

Təcrübə səfərinin ilk günündə Lissabon şəhərində Portuqaliya ombudsmanı Jose de Faria Kosta ilə görüş keçirilib. Görüşdə hər iki ölkənin müvafiq təsisatlarının insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, müsbət iş təcrübəsi və gələcək əməkdaşlıq imkanları müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb. Müvəkkil Elmira Süleymanovanın insan hüquqlarının müdafiəsi və təmin olunması sahəsində çoxşaxəli fəaliyyəti, Azərbaycan ombudsmanının beynəlxalq əlaqələri, BMT, Avropa İttifaqı ilə həyata keçirdiyi layihələr barədə məlumat verilib. Qeyd edilib ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən A statusu ilə akkreditasiya olunmuş Azərbaycan ombudsmanı insan hüquqlarının müdafiəsi sahəsində müstəqil fəaliyyət göstərir.

Ombudsman Jose de Faria Kosta azərbaycanlı həmkarının fəaliyyəti ilə yaxından tanış olduğunu və onun insan hüquqları sahəsində gördüyü işləri, beynəlxalq əməkdaşlığını yüksək dəyərləndirib.

Görüşdə Azərbaycan həqiqətləri və mədəniyyəti barədə məlumatların əks olunduğu disklər və ədəbiyyat, müvəkkilin illik məruzələri və təsisatda hazırlanmış hüquqi nəşrlər Portuqaliya ombudsmanına hədiyyə edilib.

Sonra Portuqaliya Ombudsman təsisatının fəaliyyəti və strukturu, ofisdə görülən işlərlə, o cümlədən ayrı-ayrı şöbələrin fəaliyyəti ilə əyani tanışlıq olub, Azərbaycan Ombudsman Aparatının əməkdaşlarının sualları cavablandırılıb.

Səfər çərçivəsində, həmçinin Lissabon şəhərində yerləşən Miqrantların İnteqrasiyası üçün Milli Mərkəzin fəaliyyəti ilə tanışlıq olub, Portuqaliyada miqrantların qəbulu və cəmiyyətə inteqrasiyası üzrə görülən tədbirlər barədə məlumat əldə edilib.

Mərkəzin rəhbərliyi ilə görüş zamanı Ombudsman Aparatının rəhbəri qaçqın və məcburi köçkün, miqrant məsələsinin Azərbaycan üçün aktual xarakter daşıdığını qeyd edib. O, Ermənistanın 25 ildən artıqdır ölkəmizə qarşı davam edən təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrilərək beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlarının kobud surətdə pozulması barədə məlumat verib. Aparat rəhbəri Azərbaycan ombudsmanının qaçqın və məcburi köçkünlərin, miqrantların hüquqlarının müdafiəsi sahəsində iş təcrübəsini bölüşüb.

Görüşdə Miqrantların İnteqrasiyası üçün Milli Mərkəzin fəaliyyəti haqqında təqdimat edilib, səmərəli fikir və təcrübə mübadiləsi aparılıb.