20 oktyabr 2017 21:57
768

Milli Məclisin plenar iclasında bir sıra sənədlərə dəyişikliklər edilib

Oktyabrın 20-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.

Sonra deputatlar cari məsələləri müzakirə ediblər.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın payız sessiyası barədə məlumat verib. O, bu sessiyanın digər sessiyalardan fərqli olaraq o qədər də asan keçmədiyini bildirdi. Səməd Seyidov dedi ki, səbəb təkcə Azərbaycanla bağlı sənədlərin müzakirəsi deyildi, ümumiyyətlə, sessiyanın bir neçə günü Azərbaycana həsr olundu. Sual olunur. Buna nə ehtiyac var idi? Nəyə görə Azərbaycanla bağlı məsələlər gündəmə gətirildi? Bütün bunlar bizə aydındır. Avropa Şurasının özündə gedən proseslər ona dəlalət edir ki, onlar bu gün əslində hansısa bir ölkəni hədəf alaraq öz niyyətlərini həyata keçirirlər. Azərbaycandan başqa monitorinq altında olan ölkələr də var, lakin həmin ölkələrə bu cür yanaşılmır. Görürük ki, burada Azərbaycan bir hədəf kimi seçilib. Ölkəmizlə bağlı məlum qərəzli qətnamələrin qəbul olunması prosesində Azərbaycana mənfi münasibət bəsləyən, hətta nifrət edən deputatlar əsassız iddialar səsləndirdilər. Keçirilən iclaslar zamanı çıxış edən şəxslər qəbul edilmiş sənədlərə elə əlavələr edirlər ki, bunlar, ümumiyyətlə, həqiqəti əks etdirmir. Bu gün Avropa Şurasının baş katibi ən yüksək dəyərləri – insan haqlarını, demokratiyanı alətə çevirərək Azərbaycana qarşı təzyiq göstərir. Bir milyon qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarına etinasızlıq Azərbaycana qarşı ən böyük ədalətsizlikdir.

Digər çıxış edən deputatlar da bildiriblər ki, AŞPA-da qəbul olunan bu sənədlər Avropa Şurasında Azərbaycana qarşı müxtəlif qrupların, xüsusilə ermənilər tərəfindən dəstək alan qrupların olduğunu və onların ölkəmizi yersiz tənqid etməyə cəhd etdiklərini bir daha aydın şəkildə göstərdi.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

İclasda “Banklar haqqında”, “Poçt haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, Azərbaycan Respublikasının “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri nəzərdən keçirilib. Qeyd edilib ki, qanun layihələrinə təklif olunan dəyişikliklər texniki xarakter daşıyır.

İclasda “Mədəniyyət haqqında” Qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov qanun layihəsi barədə məlumat verib. Bildirib ki, “Mədəniyyət haqqında” Qanuna təklif olunan dəyişikliklər mədəniyyət nümunələrinin mədəni sərvətlərə aid edilməsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertiza yolu ilə müəyyən edilir və ekspertizanın nəticəsinə dair verilən arayış və ya digər məlumatlar mədəni sərvətlərin ixracı üçün əsasdır. Dəyişikliklər ixracın sadələşdirilməsi məqsədi daşıyır. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Deputatlar “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsini də təsdiqləyiblər.

İclasda “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və Karantin üzrə Baş Administrasiyası (AQSİQ) arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair” Anlaşma Memorandumu da təsdiq edilib.

Bununla yanaşı, iclasda Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi nəzərdən keçirilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verərək bildirib ki, Miqrasiya Məcəlləsinin müvafiq maddəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün tələb olunan sənədlərin geniş siyahısı verilib. İcazənin alınması (müddətin uzaldılması) üçün tələb olunan rəsmi sənədlərin sayı 16-dır. Bu sənədlərdən bir neçəsi mövcuddur ki, məsələn, ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyası, təvəllüdü, məşğuliyyəti, yaşadığı və ya olduğu yer göstərilməklə) arayış, nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisası olduğu təqdirdə, bunu təsdiq edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surətləri, onların olmamasının icazənin alınması (müddətinin uzaldılması) üçün heç bir əhəmiyyəti yoxdur. Oxşar müddəa Məcəllənin digər müvafiq maddəsi ilə bağlıdır. Belə ki, Məcəllənin mövcud redaksiyasına görə iş icazəsi almaq üçün işəgötürən müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində qalmasına hüquq verən müvafiq sənədin surətini təqdim etməlidir. Məcəlləyə təklif edilən dəyişikliklər bürokratik əngəllərin qarşısını almaq məqsədi ilə təklif olunur. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin plenar iclasında Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi də müzakirə olunub.

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib. Bildirib ki, qanun layihəsində Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyin edilməsi nəzərdə tutulub. Bura humanistləşdirmə, liberallaşdırma, azadlıqdan məhrumedilmə sanksiyalarının azaldılması da daxildir. Müvafiq maddələrdə azadlıqdan məhrumetmə ilə yanaşı, yüksək məbləğlərdə cərimə cəzası da tətbiq olunub. Cinayət tərkiblərin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bəzi əməllər dekriminallaşdırılıb.

Qeyd olunub ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, Azərbaycanda narkotik maddələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə güzəşt ediləcək. Həmin şəxslər məhkəmənin qərarı ilə stasionar müalicəyə cəlb olunacaq. Əgər şəxs sağalacaqsa və tibbi xarakterli qərarlar ləğv olunacaqsa, həmin şəxs cinayət məsuliyyətindən azad ediləcək. Həmin şəxslər dövlət hesabına müalicə olunacaqlar.

Bildirilib ki, qanun layihəsində təklif edilən dəyişikliklər “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar təklif olunur. Həmin Sərəncamda cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə bir neçə istiqamət üzrə tədbirlərin görülməsi müəyyən edilib. Qeyd edilənlərə əsasən təqdim olunan qanun layihəsində Cinayət Məcəlləsinə müəyyən istiqamətlər üzrə dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, bu dəyişikliklərə cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması, ictimai işlər növündə cəzanın formal icrası təcrübəsinin qarşısının alınması, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tətbiqinin genişləndirilməsi, cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizədə daha ciddi tədbirlərin görülməsi, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzetmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azadetmə və şərti məhkumetmə institutlarının daha geniş tətbiq edilməsi məsələləri daxildir.

Beləliklə, təqdim edilən qanun layihəsində qeyd olunan istiqamətlər üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm ümumi, həm də xüsusi hissəsində müvafiq dəyişikliklər edilib. Eyni zamanda, layihədə Cinayət Məcəlləsinin müvafiq maddələri normayaratma texnikası baxımından təkmilləşdirilib.

Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərin əhəmiyyətindən danışan Milli Məclisin deputatları qeyd ediblər ki, Məcəllənin həm ümumi, həm də xüsusi hissəsinə təklif olunan dəyişikliklər cəza siyasətinin humanistləşdirilməsi məqsədindən irəli gəlir. Müzakirələrdən sonra Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər qəbul olunub.

İclasda, həmçinin Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi, İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri barədə də müzakirələr aparılıb. Qeyd olunub ki, təklif edilən dəyişikliklər texniki xarakterlidir. Hər iki sənəd səsə qoyularaq qəbul olunub.