15 dekabr 2017 21:27
786

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb, ölkəmizdə qısa müddətdir diplomatik fəaliyyət göstərməsinə baxmayaraq Naxçıvan Muxtar Respublikasına səfər etdiyinə görə Nikolaos Kanellosa təşəkkür edib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Yunanıstan arasında təhsil və ticarət sahəsində əlaqələrin mövcud olduğunu bildirən Ali Məclisin Sədri səfərin əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Səfir Nikolaos Kanellos Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq Naxçıvana səfər etdiyini, burada olmaqdan və göstərilən səmimi münasibətdən məmnunluğunu ifadə edib. Muxtar respublikanın inkişafının onda dərin təəssürat yaratdığını qeyd edən səfir əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.