Menu
  • 20-04-2018
      • Bakı +14+18

  • 20-04-2018
    • $ 1.7
      2.1043

1   2   3   4   5   6

SİYASƏT

Səfir etimadnaməsini Prezidentə təqdim edib

13-01-2018 [ 15:48 ] [ oxunub:448 ]
A+ | A-

Yanvarın 12-də Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilən Fəxrəddin Qurbanov etimadnaməsini bu ölkənin Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rəsmi təqdimetmə mərasimindən sonra keçirilmiş görüşdə F.Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Xorvatiya Prezidentinə çatdırıb.

Diplomat ona tapşırılmış məsuliyyətli vəzifədə iki ölkə arasında strateji səviyyədə olan əlaqələrin yüksələn xətlə inkişafı üçün çalışacağını bildirib.

Ümumdünya “Ekspo-2025” sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürüldüyünü qeyd edən səfir F.Qurbanov 2018-ci ilin noyabr ayında keçiriləcək səsvermədə Xorvatiyanın dəstəyini xahiş edib. F.Qurbanov Azərbaycanın ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 və digər bu qəbildən olan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini bildirib, ölkəmizin “Ekspo-2025” kimi mötəbər və nüfuzlu tədbiri keçirmək üçün lazım olan təcrübəyə malik olduğunu vurğulayıb.

Bununla yanaşı qeyd olunub ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Xorvatiyada da bir sıra tədbirlərin təşkili nəzərdə tutulur. Səfir F.Qurbanov əlavə olaraq diqqətə çatdırıb ki, Zaqreb şəhərində Azərbaycan yazıçısı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva tərəfindən ekranlaşdırılan “Əli və Nino” filmi nümayiş etdirilib və xorvat tamaşaçıları tərəfindən maraqla qarşılanıb. Sonda səfir “Əli və Nino” kitabının xorvat dilinə tərcümə olunmuş nüsxəsini Prezidentə təqdim edib.