16 fevral 2018 17:30
1332

Dövlət gənclər siyasəti uğurla reallaşdırılır

Muxtar respublikada dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Vətənpərvər gənc nəslin yetişdirilməsi, onların intellektual potensiallarının daim zənginləşdirilməsi məqsədilə yaradılan şərait gənclərin ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmalarına geniş imkanlar açır.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin ötən ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında səsləndirilib.

Yığıncaqda çıxış edən YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən, bu siyasətin Naxçıvanda da uğurla həyata keçirilməsindən danışıb. Anar İbrahimov YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, muxtar respublikanın Gənclər və İdman Nazirliyi və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə tədbirlər planına uyğun olaraq görülən işlərdən də söz açıb.

Tədbirdə çıxış edən muxtar respublikanın gənclər və idman naziri, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov qeyd edib ki, ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyulan mürəkkəb ictimai-siyasi şəraitdə yaranan YAP ötən dövrdə demokratiya prinsipləri əsasında dövlət təsisatlarının yaranması və müxtəlif islahatların həyata keçirilməsində fəal rol oynayıb.

Partiyanın yarandığı gündən öz sıralarına layiqli üzvləri cəlb etdiyini bildirən nazir, bugünkü statistik göstəricilərə əsasən YAP Naxçıvan Muxtar Respublika Təşkilatının 53 min 823 üzvü olduğunu qeyd edib. Bildirib ki, təşkilatın Heydər Əliyev adına Gənclər Birliyinin sıralarında 21 min 855 gənc birləşib, onların 11 min 391 nəfərini qadınlar təşkil edir. Partiyaya üzv olan gənclərin 5 min 85-i təhsil, 2 min 160-ı səhiyyə, 1542-si elm, mədəniyyət və incəsənət, 2 min 425-i idarəetmə, 5 min 313 nəfəri isə digər sahələrdə fəaliyyət göstərir.

“Ötən il Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət rəmzlərinə, milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, onların asudə vaxtlarının səmərəli təşkili və intellektual qabiliyyətlərinin artırılması istiqamətində gənclər birliklərinin iştirakı ilə 56 tədbir keçirilib”, – deyən nazir bu tədbirlərin 2018-ci ildə də davam etdiriləcəyini diqqətə çatdırıb.

Azad Cabbarov vurğulayıb ki, bu gün YAP tərəfindən hər bir partiya üzvünün qarşısına bir sıra mühüm vəzifələr qoyulub. Belə ki, ötən il martın 16-da YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri tərəfindən bir sıra tapşırıqlar verilib. Bununla bağlı YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin və şəhər (rayon) təşkilatlarının gənclər birliklərinin də üzərlərinə mühüm vəzifələr qoyulub.

2018-ci ilin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün qeyd ediləcəyini bildirən azad Cabbarov vurğulayıb ki, bu məqsədlə muxtar respublika ərazisində Ulu Öndərin siyasi irsinin gənclərə öyrədilməsi baxımından keçirilən tədbirlərin sayı və keyfiyyəti artırılmalı, əhatə dairəsi genişləndirilməlidir. Həmçinin bu il İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilmiş Naxçıvan şəhərinin, ümumən muxtar respublikanın turizm potensialının təbliği diqqət mərkəzində saxlanılmalı, bu sahədə müvafiq dövlət qurumları ilə əməkdaşlıq əlaqələri gücləndirilməli, müxtəlif tədbirlər hazırlanaraq icra olunmalıdır. Həmçinin vurğulanıb ki, bu il ölkəmizdə prezident seçkiləri də keçiriləcək. Bununla bağlı gənclərin fəallığı artırılmalıdır.

Sonra YAP Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyevin, YAP Babək rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Abbasovun və YAP Universitet Şəhərciyi ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədri Elgün Tağıyevin çıxışları olub.