Menu
  • 16-10-2018
      • Bakı 18+20

  • 16-10-2018
    • $ 1.7
      1.9635

1   2   3   4   5   6

SİYASƏT

Milli Qurtuluş ideologiyasının təntənəsi

14-06-2018 [ 19:44 ] [ oxunub:1100 ]
A+ | A-

15 İyun Milli Qurtuluş Günüdür. Tarixin bu şanlı  səhifəsini yaradan isə müstəqil Azərbaycanın memarı, ömrünü xalqın, Vətəinin yolunda şam kimi əridən,  daim xalqına dayaq olan və xalqından güc alan  ümummilli liderimiz Heydər Əliyevdir.

Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də milli dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan, iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbrlə çıxan Ulu Öndər o ağır günlərdə televiziya vasitəsilə xalqa müraciət etdi, bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi.

Ulu Öndərin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümümmilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəylik yaradılması istiqamətində ardıcıl addımlar atıldı. Dünyanın müxtəlif qitələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə əlaqələrini gücləndirmək, onların dil, əqidə və əməl birliyini möhkəmləndirmək məqsədilə Bakıda Dünya azərbaycanlılarının qurultayları keçirildi. Ötən əsrin 90-cı illərinin əvvəllərində “olum, ya ölüm” dilemması ilə qarşı-qarşıya qalan Azərbaycan ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan güclü bir dövlətə çevrildi.

“Heydər Əliyev qalib idi. O, bütün döyüşlərdən qalib kimi çıxıb, heç kim ona qalib gələ bilməmişdir. Əslində, o, yeni güclə, yeni enerji ilə siyasi mübarizəyə qoşuldu, yenidən qələbə qazandı və tarixdə qalib kimi qaldı. Heç kim və heç nə ona qalib gələ bilmədi. Nə xarici düşmənlər, nə də Azərbaycanda özünü ona rəqib qismində təqdim etməyə çalışanlar, bəzi uğursuz siyasətçilər. Ona zaman da qalib gələ bilmədi. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq o, ürəyimizdə yaşayır, qəlbimizdə yaşayır, onun əməlləri, ideyaları yaşayır, onun siyasəti yaşayır və əbədi yaşayacaqdır!” deyən ümummilli liderin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Prezident İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycan bu gün inkişaf və tərəqqi yolunda inamla irəliləyir.

Bu gün müstəqil Azərbaycan dünyada sosial-iqtisadi baxımdan sürətlə inkişaf edən, beynəlxalq mövqeləri gündən-günə güclənən, regional informasiya mərkəzinə çevrilən bir dövlət kimi tanınmaqdadır. Əldə edilən bu nailiyyətlər son on beş ildə Prezident İlham Əliyevin Ulu Öndərin yolunu uğurla davam etdirməsinin nəticəsidir. Ölkəmizin başçısının iqtisadi strategiyasının əsas istiqamətlərini Ümummilli Liderin demokratik dövlət quruculuğuna, respublikamızın iqtisadi inkişafına, qüdrətinin möhkəmləndirilməsinə yönəlmiş ideyalarının reallaşdırılması təşkil edib.

2003-cü ildən isə ümummilli inkişaf strategiyasını müasir dövrün tələblərinə, yeni çağırışlara uyğun olaraq davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf və tərəqqi yolunda inamla irəliləyir. Ölkə başçısının vurğuladığı kimi, aparılan islahatlar və əldə olunan iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəldilməsinə yönəldilib. Yoxsulluğun azaldılması, iqtisadiyyatın şaxələndirilməsi, enerji gəlirlərindən səmərəli istifadə olunması, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması, regionların inkişafına xidmət edən Dövlət proqramlarının uğurla reallaşdırılması və bu qəbildən olan digər addımlar sayəsində mümkün olub.

Son 15 ildə Azərbaycan milli iqtisadiyyatını 3,4 dəfə, o cümlədən uğurlu iqtisadi şaxələndirmə nəticəsində qeyri-neft sektorunu 2,6 dəfə artırıb. Mühüm sosial uğurlar olaraq, əhalinin gəlirlərinin 5,2 dəfə, minimum əmək haqqının 3,5 dəfə, orta aylıq əmək haqqının 4 dəfəyə yaxın, pensiyaların 10,3 dəfədən və sosial müavinətlərin 3 dəfədən çox artırılması, işsizlik və yoxsulluğun 5 faiz səviyyəsinə endirilməsi təmin edilib. Ölkəmizdə  sosial məsələlərin həllinə çox böyük diqqət  göstərilir. Təkcə bu ilin  yanvar ayında  ümumi daxili məhsul 2 faiz, qeyri-neft iqtisadiyyatımız təxminən 4 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. Valyuta ehtiyatlarımız 2 milyard dollar artıb və bu gün valyuta ehtiyatlarımız 44 milyard dollar təşkil edir. Bu dövrdə  ölkə iqtisadiyyatına 231 milyard dollardan artıq investisiya qoyulub.

Prezident İlham Əliyev 2018-cil aprelin 18-də andiçmə mərasimində bildirib ki, iqtisadiyyatımız son 15 il ərzində 3,2 dəfə artıbdır: “Bu çox böyük göstəricidir. Əlbəttə ki, bu göstəricinin tərkibində neft amili xüsusi yer tutur. Ancaq bununla bərabər, bizim qeyri-neft ixracımız 15 il ərzində dörd dəfədən çox artıb. Bu onu göstərir ki, islahatlar böyük səmərə verir. Sənaye istehsalı 2,6 dəfə artıb. Valyuta ehtiyatlarımız 24 dəfə artıb. Bu gün bu ehtiyatlar 44 milyard manat təşkil edir.  Ölkəmizə 231 milyard dollardan çox sərmayə qoyulub. Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliyinə görə ölkəmizi 35-ci yer layiq görüb”.

Avropa ilə Asiyanın arasında körpü rolunu oynayan, regional və qlobal layihələrin müəllifi və uğurlu icraçısı olmaqla  bölgədə  yeni əməkdaşlıq platforması yaradan Azərbaycan geosiyasi mövqeyini möhkəmləndirməklə yanaşı, region ölkələrinin, eləcə də İpək Yolu üzərində Asiya və Avropanı birləşdirən bütün ölkələrin nəqliyyat-tranzit əməkdaşlığının inkişafına böyük töhfələr verməkdədir.

Hazırda ölkəmiz Bakı-Tbilisi-Qars, “Şimal-Cənub”, “Şərq-Qərb” kimi regional və qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir.Təbii ki, bu gün uğurla reallaşıdırılan Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri “Şərq-Qərb” nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilərək yalnız layihədə iştirak edən ölkələrin deyil, bütün regionun inkişafına müsbət töhfə verəcək, dəhlizlərin səmərəliliyinin artırılmasına və onların potensialından maksimum yararlanmağa şərait yaradacaq.

Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə təntənəli açılışları olan,  sözün həqiqi mənasında qlobal əməkdaşlığa, sülh və təhlükəsizliyə, Avrasiyada enerji təchizatına və şaxələndirilməsinə uzunmüddətli təminat layihələri olan Cənub Qaz Dəhlizi, eləcə də onun seqmenti olan TANAP-ın uğurla reallaşdırılması Azərbaycanın etibarlı enerji resursları tədarükçüsü kimi imicini möhkəmləndirməklə yanaşı, ölkəmizin iqtisadi tərəqqisinə mühüm töhfələr verəcək böyük tarixi nailiyyətimizdir.

Bu gün hər bir azərbaycanlı qürur hissi ilə deyir ki,  cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın gündən-günə yüksələn iqtisadi qüdrəti, möhkəmlənən siyasi iradəsi, artan beynəlxalq nüfuzu  Milli Qurtuluş ideologiyasının təntənəsinin təzahürüdür.

Zahid Rza, “İki sahil”

DİGƏR XƏBƏRLƏR