18 aprel 2018 23:48
997

Gəncədə top mərmisi tapılıb

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə qazıntı aparılan hissəyə baxış keçirilib. Təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd boş top mərmisi aşkar olunub və Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş boş mərminin ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.