18 aprel 2018 23:05
1207

Erməni hərbçilərinin növbəti təxribatı

Erməni hərbçilərinin növbəti təxribatı: AZƏRTAC-ın müxbiri güllə yarası almış Ağcabədi sakininin yerləşdirildiyi xəstəxanada olub

Ağcabədi rayonunun qoşunların təmas xəttinin yaxınlığında yerləşən Yuxarı Qiyaməddinli kəndinin sakinləri təsərrüfat işləri ilə məşğul ola bilmirlər. Əsas qazancı əkin-biçindən və heyvandarlıqdan olan kənd camaatının sözlərinə görə, hər il yaz vaxtı, əkin-biçinin qızğın çağında erməni silahlıları onları hədəf alır, sahələrə çıxmağa imkan vermirlər. Bu gün – aprelin 18-də baş verən hadisə də bunu təsdiqləyir. Belə ki, Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlunun əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanması düşmənin dinc sakinləri hədəfə aldığını bir daha göstərir.

AZƏRTAC-ın bölgə müxbiri Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında olub, yaralı kənd sakininin vəziyyəti ilə maraqlanıb.

Rahim Hacıyevın əmisi Natiq Hacıyev bildirib ki, qardaşı oğlu özünün pay torpağında işləyərkən, mal-qarasını otararkən erməni hərbçilərinin atəşinə məruz qalıb. “Rahimin yaralandığını eşitdikdən sonra tez ora yollandım. Onu maşınımla rayon mərkəzi xəstəxanasına gətirdim. Xəstəxanada həkimlərin səyi nəticəsində qardaşım oğlunun həyatı xilas olundu, indi tibb işçilərinin nəzarəti altındadır. Bu, kəndimizdə yaşanan birinci belə hadisə deyil. Erməni hərbçiləri tez-tez bizi hədəf alır, təsərrüfat işləri ilə məşğul olmağa imkan vermirlər. Buna baxmayaraq, biz öz ordumuza güvənərək, doğma torpağımızda yaşayırıq”, - deyə Rahim Hacıyevın əmisi qeyd edib.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Vaqif Bağırov yaralının vəziyyəti barədə məlumat verərək bildirib ki, güllə yarası ilə xəstəxanaya çatdırılan Rahim Hacıyev müayinələrdən keçirildi, analizlər götürüldü: “Xəstə təcili əməliyyat olundu. Müayinə zamanı aşkarlandı ki, güllə xəstənin sağ tərəfdən döş qəfəsindən daxilə keçib. Güllənin 12-ci döş fəqərəsi ilə 1-ci bel fəqərəsi arasında olduğu müəyyən edildi. Güllə döş və qarın aortasının arxa səthində, onurğanın ön səthində sümüyə sirayət edib. Vacib orqanların əhatəsində olduğu üçün gülləni çıxarmaq mümkün olmadı. Cərrahiyyə əməliyyatı zamanı içəri sirayət etmiş qan təmizləndi, ağ ciyərin aşağı hissəsi təmizlənərək tikildi və ağ ciyərin germetikliyi təmin edildi. Hazırda xəstə reanimasiya şöbəsindədir və vəziyyəti ağır qiymətləndirilir”.

AZƏRTAC-ın bölgə müxbiri hadisənin baş verdiyi kənddəki vəziyyətlə tanış olmaq üçün Yuxarı Qiyaməddinliyə yola düşüb. Onun kənddən hazırladığı reportajı təqdim edəcəyik.