21 may 2018 20:11
987

DİN arvadını satışa çıxaran kişi ilə bağlı araşdırma aparır

“Azərbaycanlı kişinin keçmiş arvadını fahişəliyə məcbur etməsi” başlığı ilə Türkiyə mətbuatında dərc olunan xəbər ictimaiyyət arasında geniş rezonans doğurub.

Bakıda yaşayan və ibtidai sinif müəlliməsi işləyən 30 yaşlı Sevinc Kərimova müsahibəsində deyib ki, 5 il əvvəl boşandığı əri Elmir A. tərəfindən aldadılaraq Türkiyəyə aparılıb və orada fahişəliyə məcbur edilib. Qadın bundan imtina etdikdə isə onu iki uşağının gözü qarşısında döyüb və bədəninə müxtəlif xəsarətlər yetirilib. 

S.Kərimova polisə müraciət edərək keçmiş həyat yoldaşı barədə uzaqlaşdırma qərarı ala bilib. Daha sonra orada olan qonşuların köməyi ilə Azərbaycana qayıdıb. 

“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova AzVision.az-a bildirib ki, müsahibəsi ilə böyük səs-küyə səbəb olan S.Kərimova onların sığınacağına müraciət edib.

“Bura gəlmişdi, hadisəni bizə də danışdı. Qadının danışıqlarında insan alverinin əlamətləri olmayıb, əsasən məişət zorakılığı idi. Burada qalmaq istəsə də, insanların çox olduğunu deyib qalmadl. Qardaşına zəng etdi və onlara getdi”.

AzVision.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadədən münasibət öyrənib. Onun sözlərinə görə, S.Kərimova DİN-in 102 Zəng Mərkəzi xidmətinə müraciət edib.

“Onun müraciəti əsasən araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.