16 iyul 2018 21:40
1723

Qəri Counz: Ceyhandan neftin 3 milyardıncı barrelinin nəqli BTC-nin əldə etdiyi əlamətdar nailiyyətdir

Bakı–Tbilisi–Ceyhan kəməri ilə 3 milyardıncı barrel neft ixrac olunub

Ceyhan limanından xam neftin 3 milyardıncı barrelinin nəql olunması Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac boru kəmərinin əldə etdiyi əlamətdar nailiyyətdir.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.

O qeyd edib: “Ceyhan limanından xam neftin 3 milyardıncı barrelinin nəql olunması BTC-nin əldə etdiyi əlamətdar nailiyyətdir. İstismara başladığı vaxtdan etibarən boru kəməri müstəsna səmərəlilik nümayiş etdirib. Onun inşası nəhəng mühəndis-texniki nailiyyətdir və 12 illik təhlükəsiz, etibarlı və məsuliyyətli əməliyyatlardan sonra bu boru kəməri əməliyyat səmərəliyinin bariz nümunəsi və üç ölkə boyunca vahid komandanın gerçəkləşdirdiyi dünya miqyaslı fəaliyyət kimi təsvir oluna bilər. Əminliklə deyə bilərəm ki, BTC-nin fəaliyyəti dünyada ən təhlükəsiz və ekoloji cəhətdən zərərsiz boru kəməri əməliyyatlarından biridir”.

“Biz hamımız BTC-nin uğur hekayəsi ilə qürur duymalıyıq. Hamımız dedikdə, mən layihə başladığı andan etibarən üç ölkədə layihənin icrasına cəlb edilmiş minlərlə insanı – işçi qüvvəsini, icmaları, şirkətləri, regional və beynəlxalq hökumətləri, tərəfdaşları və öz işçi heyətimizi nəzərdə tuturam. Bu, həqiqətən də hər mənada böyük obyektdir və bu günə qədər onun əldə etdiyi nailiyyətlər bizdə qürur hissi oyadır.

Üç regional ölkəni birləşdirən körpü kimi BTC həmin üç ölkə boyu icmalarda və əhalidə böyük müsbət dəyişikliklərə yol açaraq bu ölkələr arasında əlaqələri möhkəmləndirib. BP-nin dünya üzrə biznesində belə layihənin olması mənə böyük qürur və şərəf verir və sizin çoxunuzun da eyni hisləri bölüşdüyünüzə əminəm”, - deyə BP-nin regional prezidenti əlavə edib.

Qeyd edək ki, iyulun 14-də Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə nəql olunan Xəzər xam neftinin 3 milyardıncı barreli 3 min 929-cu tankerə yüklənərək dünya bazarına yola salınıb. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi də 2006-cı ilin isti yay günlərinə təsadüf edirdi. Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək BTC boru kəməri vasitəsilə 1768 kilometr məsafəni qət edərək nəql olunmuş təxminən 600 min barrel həcmində “Azəri-Çıraq-Günəşli” xam neftindən ibarət ilk yük 2006-cı il iyunun 4-də “British Hawthorn” tankerinə yükləndi və yeni Ceyhan Dəniz Terminalından yola salındı. Yeri gəlmişkən, ilk tankerin yola salınması məhz 12 il əvvəl iyulun 13-də regionun dövlət və hökumətlərinin rəsmilərinin, BTC-nin sahibkar şirkətlərinin icraçı rəhbərlərinin və digər yüksək vəzifəli qonaqların iştirakı ilə keçirilmiş möhtəşəm tədbirdə rəsmi qaydada qeyd edilmişdi. Hazırda bütün bunlar tarixin səhifələrində qalıb, tarix olmayan isə BTC-nin Xəzərin karbohidrogenlərini son 12 il ərzində təhlükəsiz, səssiz, etibarlı, gözə görünmədən və minimum risk ilə nəql etməkdə davam etməsidir.

Regionda enerji ixracının başlıca arteriyası hesab olunan bu boru kəməri Xəzər dənizinin zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayıb. Azərbaycanın strateji obyekt kimi dəyərləndirdiyi bu boru kəməri qapalı Xəzər hövzəsi ilə bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqədir. Tikinti mərhələsindən başlayaraq, BTC regiona mühüm mənfəətlər gətirərək müsbət dəyişikliklər yaratmışdır. Eyni zamanda, boru kəmərinin Bosfor və Dardanel boğazlarından yan keçməsi tranzit ölkələr üçün mühüm gəlirlərin əldə olunmasına imkan yaradaraq, neft daşımalarının qaçılmaz artımının və əlaqədar ekoloji risklərin azalmasına kömək edir və bununla yanaşı, Azərbaycan, Gürcüstan, Türkiyə və qərb ölkələri arasında siyasi və iqtisadi əlaqələrin güclənməsinə dəstəyi davam etdirir: “Bu günə qədər BTC texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilər nümayiş etdirib. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75 faizdən artaraq hazırkı 99,9 faiz səviyyəsinə çatıb.

Xatırladaq ki, 1768 kilometr uzunluğunda və gündəlik ötürücülük gücü 1,2 milyon barrel olan BTC boru kəməri nəqliyyat baxımından onsuz da izdihamlı olan Dardanel və Bosfor boğazlarında tankerlərin hərəkət sıxlığını artırmadan Xəzər dənizindən təhlükəsiz və məsuliyyətli qaydada neft ixrac etməyə imkan verir. Boru kəməri 46, 42 və 34 düyümlük boru xətlərindən ibarətdir. Üç tranzit ölkə boyu səkkiz nasos stansiyası və 98 siyirtmə stansiyası var. Boru kəməri Ceyhanda yenidən dəniz səviyyəsinə düşməzdən qabaq 2830 metr səviyyəsində ən yüksək nöqtəyə qalxaraq, bir neçə dağ silsiləsi, 3000 yol, dəmiryolu və həm yeraltı, həm yerüstü kommunikasiya xətləri ilə və eləcə də Türkiyədə eni 500 metrədək çatan Ceyhan çayının yerləşdiyi ərazidəki keçid də daxil olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir.

Dünya miqyasında dövrünün ən böyük və ən mürəkkəb mühəndis-texniki nailiyyətlərindən biri hesab edilən BTC-nin tikintisinin tamamlanması üçün dörd il tələb olunub – layihə 2002-ci ilin iyul ayında təsdiqlənib və 2006-cı ilin may ayında başa çatıb. Fəaliyyətlərin ən qızğın dövründə tikintiyə 22 min nəfər cəlb olunmuş (bunların demək olar 80 faizini yerli işçilər təşkil edib), 110 milyondan artıq nəfər-saat sərf edilib, 200 milyon kilometrdən artıq məsafə qət edilmiş – bu Yer kürəsi ətrafında 10 dəfə dövrə vurmağa bərabərdir – 220 min ədəd boru qaynaq edilib.

İstismara verildiyi 2006-cı ildə BTC ilə 57 milyon 78 min barrel neft nəql olunub. 2010-cu ildə kəmərlə illik nəqletmə ən yüksək göstəriciyə - 286 milyon 214 min barrelə çatıb. 2017-ci ildə Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə təqribən 34 milyon ton, yəni 256 milyon barrel xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 333 tankerə yüklənib. Cari ilin ilk 3 ayında isə BTC ilə təqribən 63 milyon ton və ya 8,3 milyon barrel xam neft ixrac olunub və həmin neft Ceyhan limanında 81 tankerə yüklənib. 2006-cı ilin iyunundan cari ilin birinci rübünün sonunadək BTC ilə ümumilikdə 391 milyon tondan çox, təxminən 2,93 milyard barrel xam neft nəql edilib və Ceyhan limanında 3 min 839 tankerə yüklənərək dünya bazarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur. Bu ilin birinci rübündə BTC üzrə əməliyyat xərclərinə təqribən 30 milyon dollar, əsaslı xərclərə isə 5 milyon dollar sərf edilib.

2003-cü il iyulun 30-da BTC-nin inşasına başlanılıb. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilib.

Respublikamızın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmərin Azərbaycan hissəsinin uzunluğu 443 kilometrdir. Qalan 249 kilometr Gürcüstanın, 1076 kilometr isə Türkiyənin ərazisindən keçir. Boru kəmərinin Azərbaycan və Gürcüstanda yerləşən hissələrinin operatoru “BTC Ko.”nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə “Botaş International Limited” şirkətləridir. Kəmərin diametri Azərbaycanda və Türkiyədə, əsasən 42 düyümlükdür. Gürcüstan ərazisində kəmər 46 düyümlük borularla çəkilib. Türkiyədə Ceyhan dəniz terminalına enən sonuncu eniş boyu hissədə isə 34 düyümlüyədək azalır.

Kəmərin istismar müddəti 40 il nəzərdə tutulub. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan kəmərin çəkilməsinə təxminən 4,5 milyard dollar vəsait xərclənib. Hazırda kəmər vasitəsilə ildə 60 milyon ton neft nəql etmək mümkündür.

“BTC Ko.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Equinor” (əvvəlki “Statoil”) (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz).