25 sentyabr 2018 22:10
2269

Qaraməmmədli və Rüstəmli kəndlərinə təbii qaz verilib

Yevlax rayonunun Qaraməmmədli və Rüstəmli kəndlərinə təbii qaz verilib

Yevlax rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələri sırasına Qaraməmmədli və Rüstəmli kəndləri də əlavə edilib. 537 evdən ibarət kəndlərin qazlaşdırılması üçün ümumi uzunluğu 52 min 725 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənlərdə qazın verilməsi münasibətlə keçirilən mərasimlərdə rayon ictimaiyyətinin nümayəndələri, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Azər Musayev və başqaları tədbirdə çıxış edərək, sakinləri kəndin “mavi yanacaq”la təmin olunması münasibətilə təbrik edib, ölkəmizdə, o cümlədən Yevlax rayonunda həyata keçirilən sosial layihələrdən, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.

Çıxış edən sakinlər əhalinin maddi-rifah halının, sosial məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən kəndlərin “mavi yanacaq”la təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.