16 oktyabr 2018 00:50
1974

Ekvador neft hasilatını yüksəltməyə çalışır

Ekvador və Peru iki ölkə sərhədində yerləşən iki neft yatağında birgə kəşfiyyat aparmaq və Ekvadorun “Petroamazonas” şirkətinə təbii qaz yataqlarında əməliyyatlara icazə verilməsi ilə bağlı danışıqları davam etdirir. Məlumatı Ekvadorun enerji naziri Karlos Perez açıqlayıb.

Cari ilin əvvəllərində Andean əyalətində dörd neft blokunda xarici və yerli şirkətlərə kəşfiyyat və hasilat hüququ verən Ekvador ilin sonuna doğru daha bir neçə ərazini, 2019-cu ildə isə Sakit okean sahillərində təbii qaz bloklarını hərraca çıxarmağı planlaşdırır.

““Petroamazonas” və “Petroperu” birgə müəssisə və özəl şirkət yarada bilər”,-deyə Perez “Röyter” agentliyinə bildirib.

Sərhəddə birgə çıxarılacaq xam neft Perunun Talara neft emalı müəssisəsini gündəlik 65 min barel neftlə təmin edəcək, Peru ərazisində çıxarılacaq təbii qaz isə qaz qıtlığının qarşını almaq məqsədilə Ekvadora göndəriləcək.

Ekvador hökuməti son illər ölkənin enerji sektoruna xarici investisiya cəlb etməyə və xam neft hasilatında azalmanın qarşısını almağa çalışır.

Xatırladaq ki, regionun digər ölkələri olan Braziliya, Meksika, Kolumbiya və Argentina da hazırda neft kapitalı cəlb etmək uğrunda rəqabət aparırlar.