22 noyabr 2018 19:08
2394

Goranboyun daha iki kəndi qazlaşdırılıb

Goranboy rayonunun daha iki kəndinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər 2018-ci ildə də davam etdirilməkdədir. Bu məqsədlə noyabrın 22-də Goranboy rayonunun Goranlı və Həmənli kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 178 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün “birpilləli” sistem əsasında ümumi uzunluğu 18 min 106 metr müxtəlif diametrli metal, polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Sakinlər yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.