16 mart 2018 23:37
1232

“Cənub Qaz Dəhlizi” makroiqtisadi sabitliyə töhfə verəcək

“Cənub Qaz Dəhlizi” çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır. Bu, “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunub.

Agentliyin hesablamalarına görə, Azərbaycan tədricən neft və qazdan asılılığına son qoyacaq, çünki Sovet dövründən qalan neft yataqları artıq hökuməti yeni gəlir mənbələrini inkişaf etdirməyə sövq edir. Bildirilib ki, OPEC-lə əldə olunan razılaşmaya əsasən, 2017-ci ildə neft hasilatı azaldılıb. 2018-ci ildə reallaşacaq “Şahdəniz-2” layihəsi nəticəsində isə gələcək inkişafa nail olunacaq. Layihənin strateji əhəmiyyəti gələcəkdə onun transsərhəd mahiyyəti, o cümlədən daxili öhdəliklərin və tranzit ölkələri, Avropa Birliyi və istehlakçıların siyasi dəstəyi ilə möhkəmlənəcək.

Qeyd etmək lazımdır ki, Azərbaycan ötən il  “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib yenidən işlənmiş saziş imzalamasına, bu ildən başlayaraq “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan “Şahdəniz-2” layihəsi çərçivəsində təbii qaz nəqlinin nəzərdə tutulmasına baxmayaraq, qeyri-neft sektorunun inkişafı prioritetdir və bu sahədə aparılan islahatlar davam etdirilir.

Söhbət həm də ondan gedir ki, həyata keçirilən islahatlar öz bəhrəsini vaxtından əvvəl verməyə başlayıb. Qısa fasilədən sonra ötən ildən başlayaraq ölkədə iqtisadi artım qeydə alınıb.

Bundan başqa, beynəlxalq maliyyə institutlarının bu il üçün verdikləri proqnozlar da özünü doğrulmağa başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il ilin yanvar-fevral aylarında ölkənin ÜDM-i əvvəlki ilin eyni dövrünə nisbətən 1,3 faiz artıb. Ötən ilin ilk 2 ayı ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər isə  2,3 faiz artıb, neft sektorunda isə eyni səviyyədə qalıb. Bu amil iqtisadi artımın qeyri-neft hesabına baş verdiyinin bariz nümunəsidir.

Lakin bu amil heç də ölkənin enerji resurslarının Azərbaycanın inkişafındakı rolunu unutmağa xidmət etmir. Heç də uzaqda olmayan tarixə nəzər saldıqda görünən mənzərə ondan ibarətdir ki, Azərbaycanın enerji strategiyasının  başlanğıcı hesab olunan,  24 il bundan əvvəl imzalanmış “Əsrin müqaviləsi”  böyük güclərin regionda maraqlarından yaranan gərginliklə bərabər, Azərbaycanın iqtisadi və maliyyə çətinlikləri ilə  üz-üzə qaldığı dövrə təsadüf edirdi. Digər yandan, ölkənin ərazi bütövlüyü uğrunda işğalçı Ermənistanla aparılan müharibə və iqtisadi mühit Azərbaycanı investisiya   imkanlarından da məhrum etmişdi. Nəticədə xoşagəlməz siyasi-iqtisadi məngənədən  qurtulmaq üçün yeganə vasitə ölkənin təbii sərvətlərinin dünya bazarlarına çıxarılması amili idi ki, bunu da reallaşdırmaq olduqca çətin məsələ idi. Çünki bir az əvvəl qeyd etdiyimiz ki, bu dövr Azərbaycan beynəlxalq sərmayələr üçün qeyri-cəlbedici idi və ölkəmizə investisiya qoyulmasının axrasında xeyli  risklər dayanırdı. Lakin Azərbaycan bütün bu çətinlikləri arxada qoymalı, beynəlxalq aləmdə özünütəsdiqə nail olmalı idi.

Ölkə üçün belə bir taleyüklü məqamda məhz  ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” bütün çətinliklərin öhdəsindən layiqincə gəlməyə imkan verdi. Bununla da “Əsrin müqaviləsi” digər enerji layihələrinin lokomotivi olmaqla yanaşı, sərmayələrin cəlb olunasına, xarici valyuta axınına səbəb olmaqla makroiqtisadi sabitliyə şərait yaratdı.

Hazırda Azərbaycan postneft dövrünə keçid etməklə ümumi daxili məhsul istehsalını qeyri-neft sektorunun inkişafı hesabına artırmaq istiqamətində addımlarını davam etdirir. Bununla belə, Azərbaycanın enerji resurslarının  iqtisadiyyatın şaxələndirilməsi fonunda ölkəmizin inkişafındakı rolunu davam etdirəcəyi şübhəsizdir.

Ceyhun Piriyev, “İki sahil”