22 sentyabr 2017 23:39
4164

İlk məzunların bir qismi «Azneft» İstehsalat Birliyində işə qəbul edilib

BANM-in ilk məzunlarının bir qismi «Azneft» İstehsalat Birliyində işə qəbul edilib 

Sentyabrın 22-də SOCAR-ın «Azneft» İstehsalat Birliyində (İB) Bakı Ali Neft Məktəbinin (BANM) ilk məzunlarının bir qisminin işə qəbulu ilə bağlı məzunlarla görüş keçirildi. Görüşdə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, Şirkətin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, «Azneft» İstehsalat Birliyinin baş direktoru Daşqın İskdənrəov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Birliyin rəhbərliyi, idarə və şöbə rəhbərləri, BANM-in məzunları iştirak edirdilər.

«Azneft» İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov rəhbərlik etdiyi qurum haqqında məlumat verdi, «Azneft»in son illər ərzində qazandığı uğurlardan bəhs edərək gənclərlə bağlı həyata keçirilən layihələrdən sxhbət açdı: «XX əsrin sonlarında xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanan və onun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən  yeni neft strategiyası Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini özünə qaytardı, dövlətimizin uzunmüddətli, davamlı inkişafına təkan verdi. Respublikamızda aparılan genişmiqyaslı quruculuq işləri, Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlar bu müdrik, uzaqgörən konsepsiyanın təntənəsinə ən parlaq misaldır.»

Baş direktor vurğuladı ki, 1994-cü ilin sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması regionda beynəlxalq enerji əməkdaşlığının bünövrəsini qoydu, digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni bir mərhələnın başlanğıcı qoyuldu: «Təsadüfi deyil ki, bu möhtəşəm müqavilənin imzalandığı gün - 20 sentyabr hər il Azərbaycan neftçilərinin peşə bayramı kimi qeyd olunur. Bu il bütün dünyanın nəzərləri yenidən Azərbaycana yönəldi. Sentyabrın 14-də Bakıda daha bir qlobal əhəmiyyət kəsb edən müqavilə imzalandı. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən  «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin əhəmiyyətini qeyd etməmək mümkün deyil. Bu sənəd Azərbaycan iqtisadiyyatının daha da inkişafı üçün böyük əhəmiyyət kəsb edir və ölkəyə külli miqdarda investisiya qoyuluşuna, böyük həcmdə gəlir əldə edilməsinə zəmin yaradır.»

D.İskəndərov insan resurslarının gəncləşdirilməsinin «Azneft» İstehsalat Birliyində prioritet məsələlərdən olduğunu qeyd edərək gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində Şirkətdə mühüm layihələrin həyata keçirildiyini vurğuladı: «Ölkə Prezidenti cənab İlham Əliyevin «Neft kapitalının insan kapitalına çevrilməsi bizim əsas prioritetimizdir» təşəbbüsünü özümüzə rəhbər tutaraq, neftin canlı kapitala çevrilməsi, gənc kadrların yetişdirilməsi üçün Dövlət Neft Şirkətinin tabeliyindəki dövlət müəssisəsi kimi «Azneft» İstehsalat Birliyində də çoxşaxəli işlər görülür, beynəlxalq standartların tələblərinə uyğun idarəetmə sisteminin tətbiq edilməsi və inkişafına diqqət yetirilir.»

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. E.Qasımov vurğuladı ki, dövlətimizin həyata keçirdiyi yüksək ixtisaslı milli kadrların yetişdirilməsi sahəsində böyük uğurlar əldə olunub. Rektor respublikamızda istər milli, istər transmilli şirkətlərdə çalışanların əksəriyyətinin milli kadrlar olduğunu xüsusi diqqətə çatdırdı: «Hazırda ölkəmizdə yüksək elmi-texniki biliklərə malik kadrların yetişdirilməsi, gənclərin intellektual səviyyəsinin artırılması, məntiqi təfəkkürünün inkişafı, müasir düşüncə tərzi və dünyagörüşünün formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu mənada cənab Prezident İlham Əliyevin  Fərmanı ilə SOCAR-ın strukturunda yaradılmış Bakı Ali Neft Məktəbinin rolunu xüsusi vurğulamaq istəyirəm. Bu ali təhsil ocağı beynəlxalq layihələrdə işləyə biləcək ingilisdilli, müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı mütəxəssislər hazırlayır. Məhz bu məqsədlə yaranmış və yarandığı gündən azərbaycanlı abituriyentlərin oxumağa böyük maraq göstərdiyi Bakı Ali Neft Məktəbi bu işin öhdəsindən uğurla gəlməkdədir. Təsadüfi deyil ki, BANM tələbə qəbulu prosesinin nəticələrinə görə Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi reytinq cədvəlində hər il liderliyini qoruyur. Bu il Məktəbin ilk 102 məzunu iş həyatına vəsiqə qazandı.»

Görüşdə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti  Yaşar Lətifov məzunları «Azneft» İB-də işlə təmin olunmaları münasibətilə təbrik edərək bildirdi ki, Şirkət Azərbaycan tərəfini inamla təmsil edərək bütün beynəlxalq layihələrdə aktiv iştirak edir: «SOCAR-ın mühüm struktur vahidlərindən olan «Azneft» İstehsalat Birliyinin əməksevər kollektivi ölkədə  neft və qaz hasilatının artırılması istiqamətində səylərini durmadan artırır,  ilbəil uğurlu göstəricilərə imza atır, karbohidrogen yataqlarının kəşfiyyatını, hazırlanmasını, tikintisini, işlənməsini, neftin, qazın, qaz kondensatının hasil edilməsini və müvafiq qaydada təhvil verilməsini, eləcə də sahələrdə mövcud olan texnoloji sistemlərin və istehsalatların etibarlı istismarını və inkişafını təmin edir.»

SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov çıxış edərək gənclərin yeni mərhələyə - iş həyatına atılmaları münasibətilə təbrik etdi və onlara öz tövsiyələrini verdi: «Müasir tələblərə cavab verən, geniş bilik və dünyagörüşünə malik kadrların hazırlığı bu gün də Dövlət Neft Şirkətinin prioritetlərindəndir. Gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar kadrlar hazırlanması istiqamətində davamlı olaraq  Xarici və Daxili Təqaüd, Yay Təcrübəsi proqramları, həmçinin, «SOCAR Yay Məktəbi» kimi layihələr həyata keçirilir. Bu proqramlar hazırda gənclər arasında böyük rəğbət qazanıb.»

«Azneft» İB-nin Kadrlar şöbəsinin rəisi Pərviz Qasımov, «Azneft» İB-nin SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində təhsil alan əməkdaşları Pərviz Əhmədov, Fərid Abadlı işə yeni qəbul olunan gənclərə tövsiyələrini verdilər. Bakı Ali Neft Məktəbinin məzunlarından Aytəkin Qasımova, Roman Rəhimli çxış edərək öz təəssüratlarını bölüşdülər.

Sonda işə qəbul olunan Bakı Ali Neft Məktəbinin məzunlarına iş vəsiqələri təqdim olundu.

Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), «İki sahil»