20 sentyabr 2017 22:48
1251

“Neftçilər günü”nə həsr olunmuş tədbirlər keçirilib

20 sentyabr - Azərbaycan neftçilərinin peşə bayramı münasibətilə SOCAR-ın idarə və müəssisələrində tədbirlər keçirilmişdir.“Azneft” İstehsalat Birliyində keçirilmiş tədbirdə Birliyin Baş direktoru Daşqın İskəndərov və digər rəhbər işçilər, müəssisələrin nümayəndələri ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, onun əziz xatirəsini ehtiramla yad etmişlər. 

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Neftçilər günü” münasibəti ilə keçirilən tədbirdə müəssisənin və “BOS-Şelf” MMC-nin rəhbərliyi, zavod əməkçiləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, zavodun direktoru Roman Nağıyev əlamətdar gün münasibətilə kollektivin üzvlərinə xoş arzularını çatdırmışdır. Qeyd olunmuşdur ki, ölkəmizin qazandığı uğurlar ildən-ilə artır, beynəlxalq neft-qaz layihələri uğurla icra olunur. Bu günlərdə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilərək yenidən tərtib olunmuş Sazişin imzalanması da ölkəmizin gələcək uğurlarından xəbər verir. “BOS-Şelf” MMC-nin baş direktoru İxtiyar Axundov Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müasir neft-qaz siyasətinin nəticələrindən, əldə olunan uğurlardan danışmışdır. Qeyd olunmuşdur ki, bu günlərdə imzalanan yeni Saziş ölkə iqtisadiyyatının daha da dinamik inkişafı üçün yeni imkanlar yaradacaq. 

Ulu öndər Heydər Əliyev tərəfindən təsis edilmiş “Neftçilər Günü” peşə bayramı Qaz Emalı Zavodunda əmək uğurları və bayram tədbirləri ilə qeyd edilmişdir. Əvvəlcə müəssisənin kollektivi ümummilli lider Heydər Əliyevin zavodun həyətində ucaldılmış büstünün və Qarabağ uğrunda şəhid olan neftçilərin abidəsi önünə gül dəstələri qoymuş, onların əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər. Bayram münasibətilə ötən həftədən başlayan idman yarışlarının finalları keçirilmiş, qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılmış, xüsusi fərqlənmiş işçilərə Fəxri Fərman və hədiyyələr təqdim olunmuşdur. 

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində “Neftçilər günü”nə həsr olunmuş tədbirdə idarənin peşə-təlim mərkəzlərinin nümayəndələri iştirak etmişlər. İdarənin rəisi Fuad Süleymanov çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasının ölkəmizin parlaq inkişafına verdiyi töhfələrdən, SOCAR-ın həyata keçirdiyi qlobal layihələrdən danışmışdır. Tədbirdə SOCAR-ın Fəxri Fərmanlarına layiq görülən TTSİ-nin əməkdaşları Dünyamalı Pənahov və Fərid Babayevə Fəxri Fərmanlar təqdim olunmuşdur. Bundan başqa TTSİ-nin fəaliyyətində xüsusi əməyi ilə fərqlənən əməkdaşlara İdarənin Fəxri Fərmanları verilmişdir. 

Peşə bayramı SOCAR-ın Ekologiya İdarəsinin Ekoloji Ölşmə və Tullantıların İdarəolunması Departamentində də qeyd edilmişdir. Tədbirdə çıxış edən İdarənin rəisi Azər Əliyev “Neftçilər Günü” münasibəti ilə əməkdaşları təbrik etmişdir. O, qeyd etmişdir ki, İdarə tərəfindən SOCAR-ın fəaliyyət sahələrində aparılan neft-qaz əməliyyatlarında ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin olunması, bioloji müxtəlifliyin qorunması, texnogen təsirlərin minimuma endirilməsi məqsədilə müasir standartlar səviyyəsində ekoloji xidmətlərin göstərilməsi bundan sonra da davam etdiriləcəkdir.