23 iyun 2017 00:05
5303

Geofizika və Geologiya İdarəsi tədqiqat işlərini davam etdirir

SOCAR-ın Geofizika və Geologiya İdarəsinin (GGİ) strukturuna daxil olan İstehsalat bölümləri 2017-ci ilin yanvar-may ayları ərzində öz fəaliyyətlərini SOCAR-ın Şurası tərəfindən təsdiq olunmuş iş proqramına əsasən qurublar. Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsalat Bölümü barədə ötən saylarımızın birində məlumat vermişdik. “Kəşfiyyatgeofizika” İB kimi “Mədəngeofizika” və “Kompleks -Mühəndis Axtarış” İstehsalat bölümləri də cari  ildə mühüm geoloji və geofiziki tədqiqat işləri həyata keçiriblər.

GGİ-nin “Mədəngeofizika” İstehsalat Bölümünün mütəxəssisləri tərəfindən Azərbaycanın quru və dəniz ərazilərində qazmada olan quyularda kompleks mədən-geofiziki tədqiqat işləri və qazmaya geoloji-texnoloji, geokimyəvi nəzarət, eləcə də istismar quyularında perforasiya-atma, quyuların texniki vəziyyətinə və işlənməsinə  nəzarət məqsədilə geofiziki tədqiqat işlərinin yerinə yetirilməsi 2017-ci ildə  də uğurla davam etdirilir.

Mütəxəssislər tərəfindən  neft-qaz hasilatının artırılması məqsədilə quyuların kəsilişindən, quyu quruluşundan asılı olaraq müxtəlif spesifikasiyaya malik perferatorlar seçilərək tətbiq olunur ki, bu da alınmış nəticələrin daha da yaxşılaşdırılmasına gətirib çıxarır.

Mürəkkəb geoloji quruluşu ilə səciyyələnən yataqlarda layihələndirilmiş quyuların  qazılıb uğurla başa çatdırılmasında  bölümün “Quyuların qazılmasına geoloji-texnoloji nəzarət” ekspedisiyasının işçilərinin  böyük əməyi olub.

GGİ-nin əsas sifarişçiləri olan “Azneft” İB, “Kompleks Qazma İşləri” Tresti ilə yanaşı, respublikamızda fəaliyyət göstərən əməliyyat şirkətləri və müştərək müəssisələrin sifarişləri də müvəffəqiyyətlə yerinə yetirilir. Quyularda geofiziki tədqiqat işləri əsasən elektrik, radioaktiv, akustik karotajdan, inklinometriya, kavernometriya və termometriyadan, yataqların işlənməsinə geofiziki, quyuların qazılmasına geoloji və texnoloji nəzarətdən, perforasiya və sairdən ibarət olub.

Cari ildə 15 quyuda qazmaya geoloji, texnoloji və geokimyəvi nəzarət, 2 quyuda (“Qaradağ” və “Neft Daşları”)  MWD/LWD qazma vaxtı karotaj sistemi ilə istiqamətləndirmə və tədqiqat işləri aparılıb. “Günəşli”, “Neft Daşları”, “Palçıq Pilpiləsi”, “Çilov”, “Pirallahı”, “Darvin küpəsi”, “Qərbi Abşeron”, “Ümid”, “Bulla-dəniz”, “8 Mart”, “Qum-dəniz”, “Bahar”, “Hövsan”, “Muradxanlı”, “Cəfərli”, “Kirovdağ”, “Neftçala”, “Kalmas”, “Qaradağ”, “Lökbatan”, “Bibi-heybət”, “Qala”, “Buzovna”, “Binəqədi”, “Ramanı”, “Balaxanı”, “Suraxanı” yataqlarında müxtəlif növ mədəngeofiziki tədqiqat işləri yerinə yetirilib.

İşlərin sifarişə uyğun yerinə yetirilməsində və yüksək keyfiyyətli məlumatların alınmasında “Mədəngeofizika” İstehsalat Bölümünün  əməkdaşlarından Ruslan Ağamalıyev, Elvin Hacıyev, Azər Məmmədov, Rövşən Orucov, Mehman Cəfərov və digər əməkdaşların xüsusi rolu var.

Neftli-qazlı intervalların seçilməsi zamanı geoloqlarımızın verdiyi rəylərə diqqət artırılıb və bunun nəticəsidir ki, verilən rəylərin əksəriyyəti sonrakı atma-perforasiya işləri nəticəsində təsdiqlənib.

“Kompleks-Mühəndis Axtarış” İstehsalat Bölümü (KMAİB) tərəfindən  cari ildə “Azneft” İB-nin sifarişi əsasında 1510 metr mühəndisi geoloji qazma işləri yerinə yetirilib. Hazırda tədqiqat işləri davam etdirilir.

Bununla yanaşı, “Bulla dəniz”, “Səngəçal dəniz”, “Günəşli”, “Neft Daşları”, “Qarabağ” və “Qərbi Abşeron” yataqlarında 672 km sonar planalma, 1352 km  batimetriya, Səngəçal-dəniz, Duvannı-dəniz, Xərə-Zirə-dəniz və Qarabağ sahələrində 502 km fasiləsiz seysmoakustik profilləmə, Qərbi Abşeron və Səngəçal sahələrindən 65 ədəd  dəniz dibi süxur nümunəsi götürmə  işləri yerinə yetirilib.

Mühəndisi-geoloji qazma zamanı götürülmüş süxur nümunələrinin fiziki-mexaniki, petrofiziki, geokimyəvi, paleontoloji xüsusiyyətləri KMAİB-nin Mərkəzi mühəndisi laboratoriyasında tədqiq olunub.

Geoloji-kəşfiyyat ekspedisiyası tərəfindən “Azneft” İB-nin 2017-cı il üçün iş planına uyğun olaraq, “Şimali Abşeron qalxımlar zonasında məhsuldar layların sahələr üzrə izlənilməsi, neft-qaz perspektivliyinin qiymətləndirilməsi və temperatur və təzyiqin sahələr üzrə paylanma xüsusiyyətlərinin  (termobarik şəraitin) dəyərləndirilməsi” mövzusu üzrə işlər aparılıb.

Kürdəxanı sahəsində “Neftçi” MTK-ya ayrılan ərazidə yaşayış binalarının  tikintisi üçün mühəndisi geoloji quyulardan götürülmüş 2478 ədəd süxur nümunələrinin  laboratoriya sınaqları aparılıb. Yevlax- Ağcabədi çökəkliyində regional profillər üzrə geofiziki (2D seysmik və  qraviamaqnitometrik) kəşfiyyat işlərinin layihə tapşırıqlarının yerinə yetirilməsi üçün müxtəlif dərinlikli ümumi həcmi  1054 metr olan partlayış-atma quyuları  qazılıb. Qazma işləri davam etdirilir. Dəniz şəraitində mühəndisi tədqiqat işlərinin çətinliklərinə baxmayaraq, İstehsalat Bölümünün əməkdaşlarından Rauf Abbasov, Ceyhun Quliyev, Bəhram Əsədov və başqalarının səyləri nəticəsində işlərin vaxtında yerinə yetirilməsinə nail olunur.

Orxan Vahidoğlu, “İki sahil”