17 noyabr 2017 20:56
706

SOCAR-da Alişer Sultanovla görüş keçirilib

Noyabrın 17-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Özbəkistan Respublikasının Baş nazirinin müavini, “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov arasında görüş keçirilmişdir.Qonağı səmimi salamlayan Rövnəq Abdullayev onu Özbəkistanın Baş nazirinin müavini təyin edilməsi münasibəti ilə təbrik etmiş, yeni vəzifəsində ona daha böyük müvəffəqiyyətlər arzulamışdır. 

Özbəkistan Respublikasının Baş nazirinin müavini, “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov Azərbaycana yenidən səfər etməkdən məmnun olduğunu söyləmiş, qeyd etmişdir ki, Özbəkistan qardaş Azərbaycanla bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı mövcud imkanlardan tam istifadə olunmasında maraqlıdır. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ilə görüşündən söz açmış, Azərbaycan dövlətinin başçısının Özbəkistanla energetika, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini bəyan etdiyini söyləmişdir. SOCAR-ın “Özbəkneftqaz” üçün doğma şirkət olduğunu vurğulayan A.Sultanov iki şirkət arasında davam edən uğurlu əməkdaşlığı həqiqi qardaşlıq nümunəsi adlandırmışdır. 

SOCAR prezidenti Rövnəq Abdullayev Azərbaycanın regional və qlobal əhəmiyyətli layihələrdə öncül rol oynadığını xatırladaraq, bu layihələr çərçivəsində qazanılan təcrübə və nailiyyətlərin “Özbəkneftqaz” şirkəti ilə əməkdaşlığın inkişafında faydalı olacağını və gələcək layihələr üçün etibarlı zəmin yaradacağını söyləmişdir. O, qeyd etmişdir ki, “Özbəkneftqaz” şirkəti ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə neft-qaz layihələrinin həyata keçirilməsi üçün böyük perspektivlər vardır və iki şirkətin ekspertləri bu perspektivləri səylə araşdırmışlar. R.Abdullayev şirkətlər arasında mövcud Memorandum çərçivəsində diqqət mərkəzində olan istiqamətlərdə konkret fəaliyyətlərə tezliklə start veriləcəyinə əminliyini ifadə etmişdir. 

Özbəkistan Respublikasının Baş nazirinin müavini, “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov nəzərdə tutulan istiqamətlər üzrə işçi qruplarının yaradılmasını əməkdaşlığın dərinləşdirilməsində mühüm irəliləyiş olduğunu bildirmiş, gələcək birgə layihələrin Azərbaycan və Özbəkistan xalqlarının rifahına xidmət edəcəyini vurğulamışdır. 

Görüşdə tərəfləri maraqlandıran məsələlər üzrə ətraflı müzakirə və fikir mübadiləsi aparılmışdır.