17 fevral 2018 18:14
1353

ABŞ-ın neft hasilatı rekord göstəriciyə çatıb

ABŞ-ın sutkalıq xam neft hasilatı artmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 20 min barrel artaraq 10,27 milyon barrelə yüksəlib. Bu, ölkə tarixində neft hasilatının ən yüksək səviyyəyə çatması deməkdir. ABŞ-ın gündəlik neft hasilatı ard-arda 5-ci həftədir ki artır. Bu göstərici ilə ABŞ gündəlik neft hasilatında Səudiyyə Ərəbistanını geridə qoyub.

Hazırda ABŞ dünyanın ən böyük ikinci xam neft istehsalçısı mövqeyindədir. ABŞ-ın xam neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrda maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel olmuşdu.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) fevral ayında yayımladığı hesabata görə, Səudiyyə Ərəbistanında xam neft istehsalı yanvarda gündəlik orta hesabla 9,97 milyon barrel təşkil edib.

EIA-nın proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq 10,6 milyon barrelə çatacaq. Gələn il isə ABŞ-ın gündəlik neft istehsalını 11,2 milyon barrelə çatdıraraq hasilat göstəricisinə görə Rusiyanı da keçməsi nəzərdə tutulur.