16 mart 2018 23:26
3051

Bilik Fondu: Heç kəs unudulmur, heç nə yaddan çıxmır

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Quba şəhər texniki təmayüllü liseydə “Heç kəs unudulmur, heç nə yaddan çıxmır” mövzusunda tədbir keçirilib.

Bilik Fondundan bildirilib ki, tədbir Prezident İlham Əliyevin imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncama uyğun olaraq təşkil edilib.

Tədbirdə Quba şəhər 3 nömrəli tam orta məktəbin direktoru Sara Məmmədova cari ilin mayında dörd yaşını qeyd edəcək Bilik Fondunun fəaliyyəti, o cümlədən rayonda keçirdiyi çoxlu sayda tədbirlər barədə danışıb. O, fondun “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində həyata keçirilən bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə xidmət etdiyini diqqətə çatdırıb.

Liseyin tarıx müəllimi, Əməkdar Müəllim Elxan Məmmədov 1918-ci ildə ermənilərin törətdikləri soyqırımında Quba rayonunun üzləşdiyi ağır faciələrdən, bölgədə erməni-daşnak, bolşevik-rus terror dəstələrinə qarşı aparılan partizan savaşından, İkinci Dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə qubalı gənclərin göstərdiyi igidliklərdən, Qarabağ müharibəsində, xüsusilə 2016-cı ilin qalibiyyətli aprel döyüşlərində qubalı gənclərin ön cəbhədə göstərdikləri şücaətdən danışıb.

Liseyin direktoru Gülzar Eyyubova tədbirdə çağırışçı gənclərin də iştirak etdiyini bildirib, onlara Vətənin müdafiəsində uğurlar diləyib, Bilik Fondunun maarifləndirici layihələrinin əhəmiyyətini vurğulayıb.