20 yanvar 2018 19:47
1183

20 Yanvar faciəsinin ildönümü Aktauda qeyd edilib

Azərbaycanın Aktaudakı baş konsulluğu Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” Milli-Mədəni Cəmiyyəti ilə birgə 20 Yanvar şəhidlərinin anım mərasimini keçirib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Cəmiyyətin üzvləri ilə yanaşı, Aktauda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, Qazaxıstan Xalqları Milli Assambleyasının Manqistau vilayəti üzrə rəhbərliyi və digər ölkələrin diaspor təşkilatlarının təmsilçiləri, Aktau Şəhər Maslixatının deputatları, ictimaiyyətin nümayəndələri, Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası Assosiasiyasının (ABİA), yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, azərbaycanlı tələbələr iştirak ediblər.

İştirakçılar 20 Yanvar şəhidlərinin xatirəsinə yaradılan fotokompozisiyaya baxıb, simfonik musiqi dinləyiblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Manqistau vilayətindəki azərbaycanlıların “Dostluq” Milli-Mədəni Cəmiyyətinin sədri, Aktau Şəhər Maslixatının deputatı Şəmsəddin Hüseynov çıxış edib.

Sonra Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin başvermə səbəblərindən danışıb. O, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olanların ruhunun anılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd edib. Diplomat ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından söhbət açıb, bunun nəticəsində Azərbaycanda misli görünməmiş faciənin baş verdiyini bildirib. O, faciəyə yalnız ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.

Daha sonra Türkiyə Respublikasının Aktau şəhərindəki baş konsulu Korhan Kürgeri, Türkmənistanın Aktau şəhərindəki konsulu Mühamednur Ovezov, Qazaxıstan Xalqları Milli Assambleyasının Manqistau vilayəti üzrə milli-mədəni cəmiyyətlərinin sədri Yusup Şaxşayev, professor Yusif Quliyev çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu qeyd ediblər.

Çıxışlardan sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Rəsmi hissədən sonra azərbaycanlı iş adamları tərəfindən təşkil olunmuş ehsan süfrəsi açılıb, dualar oxunub. Ehsan payları, həmçinin Aktau şəhərində yaşayan aztəminatlı ailələrə verilib.