18 yanvar 2018 23:35
3519

20 Yanvar gənclərin gözü ilə

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. 1990-cı ilin 20 Yanvar günü Azərbaycan xalqının tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O, dəhşətli gecədə Azərbaycan xalqı sınağa çəkildi. Xalqın sayılıb-seçilən qəhrəmanlarının vətənpərvərlikləri, həm də ona başçılıq edənlərin antimilliyi  bəlli oldu.

Zəngin dövlətçilik  ənənələrinə malik xalqımızı müstəqilliyə aparan yolda məşəl olan  Qanlı yanvar həm bir faciə, həm də qəhrəmanlıq və şərəf tarixi kimi xatırlanır. 28 il bundan əvvəl mənfur sovet imperiyasının yırtıcılarının Bakıda törətdiyi kütləvi qətl tarixə bir xalqın sınaq günü kimi yazıldı.  İlk illərdə   xalqımızın üzləşdiyi müsibətlərin dəhşətindən  baş verənləri tam mənada  dərk etməyən insanlar bu günə sırf faciə kimi yanaşırdılarsa və həmin gün ancaq hüzn günü kimi qeyd edilirdisə sonralar 20 Yanvar şəhidləri  şücaət, mərdlik, qeyrət rəmzinə çevrilərək  xalqımıza başucalığı gətirdi. Artıq 20 Yanvar həm də düşmənə mənəvi baxımdan qalib gəldiyimiz gün kimi qeyd olunur. Müstəqil Azərbaycanın dayaqları möhkəmləndikcə, dövlətimiz gücləndikcə, gənclərin milli vətənpərvərlik tərbiyəsinə də xüsusi yer verilir.

Məlumdur ki, indi 20 Yanvar şəhidlərinin uyuduğu Şəhidlər xiyabanı bir cəsarət, hünər, Vətən sevgisi, milli şüur məktəbi olaraq and yerinə çevrilib. 20 Yanvar hadisələrindən yazarkən, ümumiyyətlə, bu günü təhlil edərkən istinad etdiyimiz materiallar çox olur. O günü görməyən və bunları danışıqlarda, televizayalarda görüb eşidən  gənclərimiz 20 Yanvarda törədilən bu  vəhşilikləri insanlığa sığmayacaq bir hadisə kimi qeyd edirlər.

Bu şanlı tariximizlə bağlı paytaxtımızın bir neçə fəal gənci ilə görüşüb onların fikirlərini öyrəndik. Onlar 20 Yanvarı Azərbaycanın tarixinə qanla yazılan  xalqımızın qürur günü adlandırdılar. Bildirdilər ki, biz gənclər bu günü unutmur, Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin adını qəlbimizdə daim yaşadırıq.

Çinarə Məmmədova, Bakı Dövlət Universitetinin I kurs tələbəsi:

- 20 Yanvar hadisələri zaman keçdikcə yaddaşlarda daha dərin izlər salır. Günahsız insanların o dəhşətli şənbə gecəsində qanlarına qəltan edilməsinə fərman verənlər nifrətlə xatırlanır. İmperiyanın buxovundan qurtarmaq, azadlığa qovuşmaq,  sovetlərin süqutu uğrunda əzmlə mübarizə aparan azadlıq aşiqləri, ölümün gözünə dik baxaraq şərəflə şəhidlik zirvəsinə yüksələnlər ehtiramla, məhəbbətlə anılır.  Həmin gün, həm də xalqımızın müstəqilliyin ilk müjdəçisidir. Biz gənclər  xalqımızı, millətimizi, Vətənimizi sevməli yeri gəlsə Vətəni uğrunda canlarından belə keçməli, lazım gəldikdə  qanımız canımız bahasına torpaqlarımızı qorumalı, şəhidlərimizə layiq olmalıyıq. Bunu bizə 20 Yanvarın qanlı, qadalı günləri, xatirələrini  əziz tutduğumuz şəhidlər öyrətdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin”.

Hüseyn Məmmədov, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin metodisti, gənc şair:

- 20 Yanvar hər zaman xalqımızın tarixində həm milli matəm və hüzn günü kimi, həm də qürur və iftixar hissi ilə xatırlanacaq. 20 Yanvar  Azərbaycan xalqının öz istiqlaliyyətini bərpa etmək uğrunda apardığı mübarizənin qalibiyyət tarixidir, şanlı səhifələrindən biridir. 20 Yanvar faciəsində Azərbaycan xalqı öz istiqlalının əsasını qoydu. Biz gənclərdə bu günü  unutmamalı, müstəqilliyimiz uğrunda canından olan şəhidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşatmalıyıq. Bu şəhidlər qəhrəmanlıq səlnaməsini qanları ilə  yazdılar. Onlar bizi müstəqillik yoluna aparıblar. Onların qanının yerdə qalmaması üçün biz gənclər  Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməli, Vətənimizin müdafiəsinə, torpaqlarımızın erməni işğalından  azad etməyə hər zaman hazır olmalıyıq.

Onu da nəzərə çatdırım ki, bütün Azərbaycan xalqı kimi,  mən  və yaxın dostlarım ölkəmizin gənc fəallarından olaraq  bu tarixi gündə Şəhidlər xiyabanına gəlir, azadlıq uğrunda həlak olanların məzarlarını ziyarət edir, tariximizi bir daha xatırlayırıq. Bu hadisələr daim bizim yaddaşımızda qalacaq. İllər ötsə də, gənclərimiz bu qəhrəmanlarımızı heç vaxt unutmamalıdırlar.

Şəfa Dadaşova, Bakı Dövlət Universitetinin I kurs magistrantı:

-Müasir gənclik 20 Yanvar hadisəsində şəhid olan insanların həyatından və mübarizəsindən örnək götürməlidir. Onlar bu günə xüsusi sayğı və məhəbbətlə yanaşmalıdır. Bu tarixi günü öyrənməlidirlər. Çünki həmin gün müstəqil Azərbaycanın müstəqillik, suverenlik arzusunun bünövrəsi qoyulduğu tarixdir.  Belə bir deyim var ki, azadlıq verilmir, alınır. Şəhidlərimiz də Azərbaycan xalqının illərdən bəri arzusunda olduğu  azadlığı  imperiyanın caynağından qanları, canları ilə  qopardılar.  Başdan ayağa silahlanmış  imperiya ordusunun qarşısına   əli yalın çıxaraq onlara  Vətəni sevmənin necə bir müqəddəs duyğu olduğunu ölümün gözünə dik baxmaqla bildirdilər. Ona  görə  20 Yanvar hadisələri hər bir azərbaycanlı, xüsusilə biz gənclər üçün  qəhrəmanlıq məktəbidir. 20 Yanvar xalqımızın qəhrəmanlıq imtahanından alnı açıq, üzü ağ çıxdığı gündür. Gənclərimiz üçün ibrət dərsi olan və örnəyə çevrilən 28 il əvvəlki tarix daim xatırlanmalı,  şəhidlərimizin şücaəti Azərbaycan xalqının qəhrəmanlıq dastanına çevrilməlidir.

Mənsumə Babayeva, “İki sahil”