20 avqust 2018 23:38
933

“Made in Azerbaijan” brendli avtomobillər xaricə ixrac olunacaq

Azərbaycan iqtisadiyyatının diversifikasiyası, neftdən asılılığın aradan qaldırılması və qeyri-neft sektorunun inkişafı prioritetdir. Bu gün aparılan islahatlar da birbaşa qeyri-neft ixracatının artırılmasına yönəlib. Cari ilin birinci yarısında Azərbaycanın xarici ixracatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faizədək artıb. Xarici ticarət dövriyyəsi müsbətdir. Ən əhəmiyyətli məqamlardan biri qeyri-neft ixracatının artmasıdır. Eyni zamanda, idxalın azalması da qeyri-neft sektorunun inkişafını göstərən faktorlardan biridir. Belə ki, qeyri-neft sektorunun inkişaf etməsi idxal olunan məhsullara tələbi azaldır. Bu isə idxaldan asılılığın aradan qaldırılmasından və valyutanın ölkədə qalmasından, nəticə etibarilə qeyri-neft sektorunun inkişafından xəbər verir.

Qeyri-neft sektorunun mühüm istiqamətlərdən biri də maşınqayırma sənayesidir. Son vaxtlar Azərbaycanda maşınqayırmanın inkişafı ilə bağlı mühüm işlər görülüb. Azərbaycanda maşınqayırma sənayesində xüsusi yeri olan müəssisələrdən biri də “Xəzər” avtomobil zavodudur. Adı çəkilən müəssisə Neftçala Sənaye Məhəlləsində yerləşir. Azərbaycan və İranın birgə müəssisəsi olan “Xəzər” avtomobil zavodunun açılışı bu il martın 29-da Azərbaycan və İran prezidentlərinin iştirakı ilə baş tutub. Ümumi dəyəri 15 milyon dollar olan zavodun səhmlərinin 75 faizi Azərbaycan,  25 faizi isə İran tərəfinə məxsusdur. Zavodda İran və Avropanın aparıcı ölkələrinin müasir texnologiyaları tətbiq olunur.

“Xəzər” avtomobil zavodunda sonrakı müddətdə ildə 10 min ədəd minik avtomobilinin istehsalı nəzərdə tutulur. Avtomobillər ilkin mərhələdə əsasən yerli bazara hesablansa da, gələcəkdə ümumi istehsalın 20 faizi “Made in Azerbaijan” brendi altında xaricə satılacaq. Bu, ildə 2 min ədəd avtomobilin ixracı deməkdir. Müəssisədə dövlət sifarişi əsasında da istehsal mümkündür. Hələ ki, müəssisədə mexanika sürət qutusuna malik avtomobillər istehsal olunur. İlin sonunadək avtomat sürət qutulu maşınların istehsalı planlaşdırılır. Müəssisə rəhbərliyi alıcı problemi gözlənmədiyini bildirir.

Mütəxssislər hesab edirlər ki, ölkəmizdə istehsal olunan avtomobillər qiymət baxımından idxal olunan analoqları ilə rəqabətdə üstünlüyə malikdir. Bu da onları daha cəlbedici edir. Buna zavodda tətbiq olunan texnologiya imkan verir. Avtomobillər Avro-5 və beynəlxalq təhlükəsizlik standarlarına cavab verəcək.

IKCO (Iran Khodro Co.) şirkətinin Asiya, Avropa, Amerika və MDB üzrə direktoru Sabina Nobari deyib ki, “Xəzər” avtomobil zavodunda istehsal olunan avtomobillərin tezliklə Rusiya, Ukrayna və MDB ölkələrinə ixracına başlanılacaq. S.Nobari bildirib ki, “Iran Khodro” və Azərbaycanın “AzEuroCar LLC” avtomobil şirkətləri 2018-ci ilin martından Azərbaycanda 300-dən çox “Dena” ailə sedanı istehsal ediblər. Zavodda “Runna”, “Soren” və “Samand” modellərinin də istehsal olunacağı planlaşdırılır. Hazırda bu zavodda istehsal olunan avtomobillər yalnız Azərbaycanda satılır.

Ekspertlər bildirirlər ki, “Xəzər” avtomobil zavodunun istehsal etdiyi avtomobillər keyfiyyətinə görə Rusiya istehsalı olan minik vasitələrindən geri qalmır. Bu səbəbdən də bu avtomobillər Rusiya bazarı üçün uğurlu olacaq. “Xəzər” avtomobil zavodunun istehsal etdiyi maşınların xüsusən Rusiyanın cənub ərazisinin bazarında sürətlə satılacağı gözlənilir.

“Xəzər” avtomobil zavodunun istehsal etdiyi avtomobillərin ixracı heç şübhəsiz ki, Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək və ölkəmizə valyuta axınına səbəb olacaq.

Cavid Əkbərov, “İki sahil”