15 oktyabr 2018 23:41
1792

“Cənub Qaz Dəhlizi”: Avrasiya məkanında yeni üfüqlərə doğru

Azərbaycan Avropanın enerji xəritəsinin zənginləşdirilməsində,  enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır, müstəqil iqtisadi siyasət yeridən bir ölkə olaraq “Cənub Qaz Dəhlizi” marşrutunun mühüm seqmentlərindən olan TANAP və TAP, həmçinin Bakı-Tbilisi-Qars, “Şimal-Cənub”, “Şərq-Qərb” kimi regional və qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi çıxış edir. Özünün zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında bildirib ki, bu il bizim enerji siyasətimizin inkişafı üçün çox önəmli olmuşdur: “Bu ilin may ayında biz Bakıda “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışını qeyd etdik. Bu, tarixi hadisədir. Ondan bir ay sonra Türkiyədə TANAP layihəsinin açılışını etdik və “Cənub Qaz Dəhlizi” uğurla icra olunur. Bütün bu dörd layihənin hamısında çox gözəl nəticələr var. Bu il biz qaz hasilatımızı artıracağıq, artıq “Şahdəniz-2”dən qaz gəlir. Gələn il, ondan sonrakı illərdə daha da artacaq. Yəni, biz tam hədəfə çatmaq üçün bütün işləri görürük və mənə verilən son məlumatlara görə, “Cənub Qaz Dəhlizi”nin son hissəsi olan TAP layihəsinin icrası ilə bağlı da heç bir problem yoxdur”.

Nüfuzlu nəşrlər, tanınmış ekspertlər və Avropa ölkələrinin rəsmiləri, beynəlxalq qurumların rəhbərləri dəfələrlə “Cənub Qaz Dəhlizi”ni Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən  unikal bir layihə kimi qiymətləndiriblər. Bir müddət əvvəl ölkəmizdə səfərdə olan Almaniya Kansleri Angela Merkel xüsusi olaraq vurğulayıb ki, “Cənub Qaz Dəhlizi”nin Avropanın enerji mənbələrinin şaxələndirilməsində müstəsna əhəmiyyəti var: “Azərbaycan Avropa İttifaqının enerji şaxələndirilməsində də güclü bir amildir və “Cənub Qaz Dəhlizi”nin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq”.

“Cənub Qaz Dəhlizi” uğurla reallaşdırıldıqdan sonra  Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu güclənəcək, ölkəmizin maliyyə imkanları  artacaq, Qərbə inteqrasiyası sürətlənəcək, “qoca qitə” ilə iqtisadi-ticari tərəfdaşlığı daha da inkişaf edəcək.

Ölkəmizin başçısının bildirdiyi kimi, “Cənub Qaz Dəhlizi”nin uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq: “Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızla çıxacağıq. Ondan sonra bunu nəzərə alaraq, biz o ölkələrdə yeni infrastruktur layihələri icra edə bilərik. Bu barədə danışıqlar gedir. Hesab edirəm ki, biz sadəcə olaraq, digər ölkələrə qazı təchiz edən ölkə kimi yox, ondan sonra qaz təsərrüfatının idarə edilməsi ilə bağlı da məşğul olmaq istəyirik. Bu, səmərəliliyi, gəlirimizi daha artıracaq və çalışacağımız ölkələrdə də yeni infrastruktur yaradılmasına gərtirib çıxaracaq”.

Zahid Rza, “İki sahil”