22 oktyabr 2018 14:34
554

Qeyri-neft sektoruna 5,6 milyard dollar sərmayə yatırılıb

Azərbaycan  xarici investorlar üçün cəlbedici ölkə kimi öz əhəmiyyətini daha da artırır. Xarici investorlar onlara maraqlı olan sahələrə vəsaiti yönəldirlər. Uğurla reallaşdırılan iqtisadi islahatlar, iqtisadiyyatın liberallaşdırılması, çevik və praqmatik iqtisadi siyasət öz müsbət nəticələrini verməkdədir.  Dövlət investisiya xərcləri daha çox infrastruktura, yollara, elektrik stansiyalarına, qazlaşdırmaya, su xətləri, məktəblər, xəstəxanalar və mədəniyyət, idman obyektlərinin tikintisinə yönəldilir.

Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, onlara uzunmüddətli kreditlərin verilməsi, biznes mühitinin yaxşılaşdırılması iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına zəmin yaradıb.

Sərmayədarların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilib. Həmçinin bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb. Bunlardan əlavə mənfəətin başqa valyutalara konvertasiyası, xarici ölkələrə köçürülməsi ilə bağlı bütün məhdudiyyətlər ləğv edilib, bazar iqtisadiyyatı prinsipləri əsasında vahid valyuta məzənnəsi formalaşıb.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kapital qoyuluşunun əhəmiyyətini bir daha vurğulayıb:  “Dövlətin dəstəyi ilə bu istiqamətdə bir çox layihələr icra edilib. O cümlədən dövlətin birbaşa maliyyə dəstəyi ilə böyük, nəhəng müəssisələr yaradılır. Misal üçün, bu il polipropilen zavodunun açılışı, hesab edirəm ki, çox əlamətdar hadisədir... İlin sonuna qədər “SOCAR Polymer”in ikinci layihəsi - yüksək sıxlıqlı polietilen zavodu da istifadəyə veriləcək. Bu zavodlara qoyulan sərmayələrin həcmi 800 milyon dollardan çoxdur. Əlbəttə, bizim qeyri-neft sənayemizin inkişafı üçün bu zavodların böyük əhəmiyyəti olacaq”.

Rəsmi statistik məlumatlara görə, cari ilin yanvar-sentyabr aylarında respublikamızın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 148 milyon manatdan çox sərmayə yatırılıb. Qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 20,2, qeyri-neft sənayesinə qoyulan sərmayənin həcmi 24,4 faiz artıb. Sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinin uğurla davam etdirilməsi sayəsində ümumilikdə 3 milyard manat investisiya cəlb edilib ki, bunun da sayəsində 20 min yeni iş yerinin açılmasına nail olunub. Bu dövrdə qoyulan ümumi sərmayənin 51,6 faizi dövlətə məxsus olub. Özəl sektor da kapital qoyuluşunda   fəal iştirak edir. 9 ay ərzində ölkə iqtisadiyyatına qoyulan sərmayənin 48,4 faizinin qeyri-dövlət sektoruna məxsus olması bunun əyani sübutudur.

2018-ci ilin 9 ayında ölkə iqtisadiyyatına 3 milyard 217 milyon manat xarici investisiya qoyulub. Bu sərmayənin 80,6 faizi İngiltərə, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsusdur.

Bu gün ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq investisiya-innovasiya, sahibkarlıq mühitinin yaxşılaşdırılması, investisiyanın təşviqi, struktur və institusional islahatların aparılması, qeyri-neft sektorunun və ixracının inkişafının stimullaşdırılması, milli sahibkarlığın inkişafına güclü dövlət dəstəyinin daha gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi və s. istiqamətlərdə həyata keçirilən irimiqyaslı layihələr bundan sonra da ölkə iqtisadiyyatına investisiya qoyuluşlarının artmasına böyük töhfələr verəcək.

Zahid Rza, “İki sahil”