22 noyabr 2018 01:01
2820

Elektrik enerjisi sektorunda islahatlar müzakirə olunub

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinin gücləndirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Elektrik enerjisi sektorunda islahatlar” adlı seminar keçirilib.

Energetika Nazirliyindən bildirilib ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin idarə heyətinin sədri Samir Axundov agentlik tərəfindən hazırda ölkədə kommunal xidmət səviyyəsinin yaxşılaşdırılması, dünya standartlarına uyğunlaşdırılması, istehlaçılar üçün fasiləsiz və keyfiyyətli enerji təchizatının təmin edilməsi üçün mühüm işlər görüldüyünü deyib.

EBRD-nin Azərbaycandankı daimi nümayəndəliyinin rəhbəri İvana Fernandes Duarte isə elektrik enerjisi sektorunda islahatların zəruriliyini vurğulayıb. Avropa ölkələrinin qabaqcıl təcrübəsinin öyrənilməsinin enerji tənzimləməsinə müsbət təsir göstərəciyini qeyd edib.

Tədbirdə enerjinin istehsalı, ötürülməsi və paylanması sahələrinin bir-birindən ayrılması, enerji sektorunun restrukturizasiyası, özəlləşdirilməsi və liberallaşdırılması, rəqabət üçün əlverişli şəraitin yaradılması ilə bağlı müzakirələr aparılıb. Bu istiqamətdə Avropa təcrübəsi diqqətə çatdırılıb. Liberallaşdırılmış elektrik enerjisi bazarının Avropa Şurasının Üçüncü Enerji Paketinin müddəalarına uyğunlaşdırılması yolları haqqında məlumat verilib.

CEER ekspertləri Latviyanın Kommunal Xidmətlər üzrə Komissiyasının sədri Rolands İrklis və İrlandiyanın Kommunal Xidmətlərinin Tənzimlənməsi üzrə Komissiyasının elektrik şəbəkələr üzrə meneceri Robert OʼRurkun təqdimatları dinlənilib.

Seminarda, həmçinin digər ölkələrdə tənzimləyici orqanının yaradılması prosesi, investisiyaların cəlbi, monitorinq və nəzarət vasitəsilə istehlakçıların hüquqlarının qorunması kimi məsələlər də müzakirə edilib.

Qeyd edək ki, tədbir Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycan Respublikasının Kommunal Xidmətlər sektorunda Strateji Yol Xəritəsi üzrə Əməkdaşlıq” barədə ötən il sentyabrın 8-də imzalanmış Niyyət Protokolu çərçivəsində keçirilib.