14 dekabr 2018 23:07
2411

Əkin sahəsi azalacaq, istehsal isə artacaq

Pambıqçılıqda növbəti il: əkin sahəsi azalacaq, istehsal isə artacaq

Dekabrın 11-dək ölkə üzrə pambıq qəbulu məntəqələri keçən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz çox pambıq qəbul edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, pambıq qəbulu məntəqələrinə 222 748 ton məhsul təhvil verilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,9 min ton çoxdur.

Bu il Azərbaycanda 22 rayonda 132 512 hektarda pambıq əkini aparılıb və 260 min ton məhsul götürülməsi proqnozlaşdırılır. Müqayisə üçün deyək ki, 2016-cı ildən etibarən pambıqçılığın inkişafı istiqamətində görülən əsaslı tədbirlər nəticəsində pambıq əkini sahəsi əvvəlki illə müqayisədə 2,7 dəfə artaraq 51,4 min hektara, 2017-ci ildə isə daha 2,7 dəfə artırılaraq 136,4 min hektara yüksəldilmişdi. Beləliklə də, bu ildən başlayaraq pambıq istehsalının yüksəldilməsinin əkin sahələrinin artırılması hesabına  həyata keçirilməsinə son qoyulur. Təsadüfi deyil ki,  2019-cu ildə Azərbaycanda daha az - 104,9 min hektar sahədə pambıq əkiləcəyi nəzərdə tutulub.

Xatırladaq ki, ötən ay Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyət istiqamətləri və funksiyalarının təqdim edilməsi ilə bağlı keçirilən mətbuat konfransında qurumun direktoru  Pərviz Hacıyev bildirib ki, Azərbaycanda yaxın illərdə pambıq istehsalını 400-500 min tona çatdırmaq üçün əlavə əkin sahələrinin ayrılmasına ehtiyac yoxdur. Onun sözlərinə görə,  növbəli əkin sistemi, düzgün aqrotexniki qulluq və doğru yer seçilməklə yüksək məhsuldarlığa nail olmaq mümkündür: “Bizim əldə etmək istədiyimiz məhsuldarlıq bir hektar üçün 3-3,5 tondur. Normal becərmə üsulları tətbiq olunarsa, bu məhsuldarlıqla biz 150-160 min hektarla 450-500 min ton istehsala nail ola bilərik.”

Məhsuldarlıq artdıqca hazır məhsulun maya dəyərinin də aşağı düşdüyünü nəzərə alanda, pambıq üzrə yüksək məhsuldarlığın  onun maya dəyəri ilə tərs mütənasib olmasını deməyə imkan verir. Bu, eyni zamanda, kənd təsərrüfatının digər sahələrində olduğu kimi, pambıqçılıqda da  elmi yanaşmanın tətbiqini labüd edir. 

Nəticədə aşağı maya dəyərinə sahib məhsulun istehsal edilməsi onun dünya bazarlarına çıxarılmasını da asanlaşdırır. Bu baxımdan cari ilin yanvar-oktyabr aylarında olan qeyri-neft məhsullarının ixracına nəzər saldıqda məlum olur ki, pambıq lifinin ixracı 64,5 milyon ABŞ dolları, pambıq ipliyi isə 19 milyon ABŞ dolları təşkil edib. Bununla da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 10 ayında pambıq lifinin ixracı 2,3 dəfə, pambıq ipliyinin ixracı 41 faiz artıb. Bu dövrdə pambıq lifinin dünya bazarlarında qiyməti 1730 dollardan 1910 dollara yüksəlib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş “Pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

Ceyhun Piriyev, “İki sahil”