15 dekabr 2017 23:24
1081

İcma səviyyəli gəlir gətirən layihələr uğurla icra olunur

“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyənləşdirilən tədbirlərin bir hissəsi ötən müddətdə uğurla həyata keçirilib. 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 11 faizi icra edilib, 40 faizinin icrasına başlanılıb.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı məhsullarının istehsalı 2,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,7 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, əkinlərin ümumi sahəsi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,1 faiz artıb.

Bu gün ərzaq təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyində mühüm yer tutur. Bu sahədə respublikamızda mühüm işlər görülür, ciddi tədbirlər həyata keçirilir. Bunlardan biri də qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılmasıdır. Artıq “Qida təhlükəsizliyi haqqında” Qanunun layihəsi və “Azərbaycan Respublikasında qida təhlükəsizliuipip təmin olupmasıpa dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın layihəsi hazırlanıb. 

Bundan başqa, “Azərbaycan Respublikasında maldarlığın intensiv inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın və “Azərbaycan Respublikasında örüş-otlaq sahələrinin və biçənəklərin səmərəli istifadə olunmasına dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Kənd təsərrüfatı sığortası haqqında yeni Qanun layihəsi hazırlanaraq rəy bildirilməsi üçün müvafiq dövlət orqanlarına təqdim edilib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2017-ci ilin 6 ayı ərzində 2 aqroparka 11,5 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Yerli istehsalın dəstəklənməsi və daxili bazarın qorunması məqsədilə respublikamızla sərbəst ticarət sazişi olmayan ölkələrin üstünlük təşkil etdiyi bir sıra malların (pomidor, xiyar) idxalına tətbiq olunan gömrük rüsumlarının 2 il müddətində artırılmasını nəzərdə tutan qərar layihəsi hazırlanıb. “Aqrolizinq” ASC tərəfindən 3525 kənd təsərrüfatı texnikası, o cümlədən 9 taxılyığan kombayn, 9 pambıqyığan kombayn, 681 traktor və 2826 digər texnika 525 hüquqi və fiziki şəxsə lizinqə verilmiş və ya lizinq yolu ilə satılıb. Şəkər çuğunduru istehsalçılarına əkin sahəsinə görə verilən subsidiyanın ləğv edilərək, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun miqdarına (son məhsula) görə subsidiyanın verilməsi qaydalarının layihəsi hazırlanaraq təsdiq edilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına suvarma suyunun güzəştli satışı ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmışdır. Beynəlxalq tərəfdaşlarla birgə regionlarda icma səviyyəli gəlirgətirən layihələr icra olunub.

Zahid Rza, “İki sahil”