21 may 2018 23:33
1027

146 ölkə ilə ticarət əməliyyatları

Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan iqtisadi islahatların prioritetlərindən biri ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının istehsalının və ixracının təşviqidir.

Son dövrlərdə “Made in Azərbaycan” brendinin təşviqi məqsədi ilə təşkil olunmuş dəstək mexanizmlərinin uğurla tətbiq olunması, çevik iqtisadi idarəetmənin təşkili, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi, qeyri-nef  məhsullarının ixracının stimullaşdırılması sahəsində böyük layihələrin həyata keçirilməsi və s. artıq öz bəhrəsini verməkdədir. Təkcə 2017-ci ildə Almaniya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan, Çin, Rusiya, BƏƏ və Səudiyyə Ərəbistanıı olmaqla 10 ölkəyə 10 ixrac missiyası təşkil edilib, “Gulfood”, “Worldfood Moscow” və “Anuga” kimi beynəlxalq əhəmiyyətli ərzaq sərgilərində, həmçinin “Prowein” və “Hong Kong International Wine & Spirits Fair “ beynəlxalq şərab sərgilərində yerli şirkətlərin vahid ölkə stendi altında iştirakı təmin olunub.  Bundan başqa, ötən il qeyri-neft məhsullarının ixracına görə yerli sahibkarlara 2,7 milyon manatdan çox ixrac təşviqi ödənilib. Çin Xalq Respublikasında keçirilən beynəlxalq şərabçılıq sərgisində şərab məhsullarımızdan biri qızıl medala layiq görülüb və 500 min şüşə şərabın Çinə ixracına dair imzalanan müqavilənin icrasına başlanılıb. Dubaya ixrac missiyası çərçivəsində nar şirəsi, alma və balın ixracına dair razılaşmalar əldə edilib. Ötən il “Made in Azerbaijan” brendi ilə 3179 çeşiddə məhsulun ixracı bunun parlaq ifadəsidir.

Respublikamızda makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların inkişafı, əlverişli biznes mühitinin yaxşılaşdırılması məqsədilə davam etdirilən islahatlar, həyata keçirilən tədbirlər qeyri-neft ixracının  daha da genişləndirilməsinə ciddi təkan verib. Belə ki, 2018-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 146 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 92 ölkəyə məhsul ixrac olunub. Bu müddətdə 356,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 34 faiz, real ifadədə isə 29 faiz çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin fevral ayı üçün təqdim olunan icmalında göstərilir ki, cari ilin ilk ayı ərzində 36,8 milyon dollar məbləğində qeyri-neft məhsulları Rusiya Federasiyasına ixrac edilib. Bundan başqa, Türkiyəyə 23 milyon, İsveçrəyə 17,9 milyon, Gürcüstana 11,3 milyon və Çinə 4,4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin yanvar-mart aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 66,5faiz, meyvə və tərəvəz şirələri- 31,8 faiz, meyvə və tərəvəz konservləri- 27,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu-2,1 dəfə, kartof- 2,1 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar - 21,2 faiz, polietilen-10,3 faiz, qara metallardan borular-15,6 faiz, pambıq ipliyi- 19,0 faiz artıb. Bu ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk-telekommunikasiya xidmətləri də ixrac edilib. Cari ilin ilk ayında “Azərkosmos” ASC peyk- telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 423 min dollar məbləğində gəlir əldə edilib. “Azərkosmos” ASC-nin yanvar ayında xidmət ixracı əsasən BƏƏ, Almaniya, Misir, Gürcüstan, Çin, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digər ölkələrə olub.

“Made in Azerbaijan” brendinin ixrac coğrafiyası genişləndikcə çeşidləri də artır. Belə ki, cari ilin yanvar ayında ən çox ixrac sifarişi şərab, çay, fındıq ləpəsi, pomidor şirəsi, nar, nar konsentratı və alma olub. Həmçinin lobya, toyuq yumurtası, dekorativ güllər, kosmetik vasitələr, quru süd, dekorativ qurğular, qənnadı məhsulları, meyvə cemi, biyan kökü, mebel dəsti, mühərrik yağı, velosiped, pambıq yağı, boya məhsulları, pambıq toxumu (çiyid), kərpici və s. mallara da sifariş daxil olub. Bu ilin ilk 2 ayında Azərbaycandan 217 min 283 ton neft məhsulları, 398 milyon 840 min kilovat/saat elektrik enerjisi, 10 min 568 ton kimya sənayesi məhsulları ixrac edilib.

Zahid Rza, “İki sahil”