21 may 2018 23:08
2810

Mayın 20-si Dünya Metrologiya günüdür

20 may Dünya Metrologiya günü münasibətilə Azərbaycan Metrologiya İnstitutunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə metrologiya gününün yaranma tarixi barədə məlumat verilib.

Qeyd olunub ki, 1875-cil il mayın 20-də Parisdə keçirilən Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökumət nümayəndələri məşhur Metrik Konvensiyasını imzalayıblar. Bundan sonra Beynəlxalq Konvensiyaya uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BİPM) yaradılıb, ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları hazırlanıb. Metrik Konvensiyası bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib. Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib, onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb.

Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Saleh Səmədov bildirib ki, hazırda ölkəmizin ixrac qabiliyyəti yüksəlib, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətləndirilib.

Baş direktorun sözlərinə görə, bütün bunlar metroloji təminatın inkişafından xəbər verir. ”Müəyyən edilən metroloji qaydalara riayət edilməsi bu gün Azərbaycan dövlətinin diqqətində olan mühüm məsələlərdən biridir. Çünki yalnız ölçmələrin düzgün nəticələri məhsulun keyfiyyətinə və təhlükəsizliyinə təminat verir, ədalətli ticarətə imkan yaradır”,- deyə S.Səmədov vurğulayıb.