21 iyul 2017 23:25
411

Bu il taxıl zəmilərində bol məhsul yetişdirilib

Taxıl strateji məhsuldur və onun istehsalı kənd təsərrüfatı ilə məşğul olan fermerlərin ən vacib vəzifəsidir. Bu sahənin inkişaf etdirilməsi dövlətimizin prioritetlərindən  biridir. Fərəhli haldır ki, taxılçılıqda əvvəllər aparılmış islahatlar indi öz bəhrəsini verməkdədir. Taxılçı fermerlərin bol məhsul yetişdirmələri üçün dövlət  hər cür şərait yaradır. Onların əkinlərinin su və mineral gübrələrlə təminatı ildən-ilə yaxşılaşdırılır, kreditlər ayrılır, dövlət tərəfindən  hər hektar üçün subsidiyalar ödənilir.
 Prezident  İlham Əliyev  Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi  inkişafının yekunlarına və qarşıda  duran vəzifələrə həsr olunan iclasında taxılçılıqda qazanılan uğurlardan və yol verilən geriliklərdən danışıb:  “Taxılçılıqla bağlı məsələlər daim gündəlikdədir. Mənim göstərişimlə Prezident Administrasiyasında xüsusi müşavirə keçirilmişdir, məsələlər təhlil edilmişdir. Biz gərək bu sahədə daha da yaxşı nəticələr əldə edək, idxaldan asılılığı azaldaq və məhsuldarlığı artıraq.”
Qeyd  etmək  lazımdır ki,  bu il taxıl zəmilərimizdə bol məhsul yetişdirilib. Orta hesabla ölkədə hər hektardan orta məhsuldarlıq 28,8 sentner təşkil edib. Bu, özlüyündə yaxşı nəticədir. Nəzərə alaq ki, bəzi dağ rayonlarında məhsul yığımı hələ davam edir. Deməli, mövsümün sonunda taxılın hər hektardan orta məhsuldarlığı 30 sentnerdən artıq olacaq.

Respublikanın iri taxılçılıq regionlarından olan  Saatlı, İsmayıllı, Ağcabədi, Tərtər, Sabirabad, Beyləqan, Bərdə, Ağdam, Yevlax rayonlarının  fermerləri  bu il yüksək məhsul yetişdirərək tədarük ediblər. Adları çəkilən rayonlarda hər hektardan orta hesabla 38-40 sentner taxıl yığılıb. 

 Uzun illər taxılçılıqla məşğul olan fermer Fikrət Mikayılov bildirdi ki, ailəlikcə bu il bir hektardan artıq sahədə taxıl əkib. Tərtər rayonunun Kəngərli kəndinin sakini olan təcrübəli  fermer qeyd etdi ki, buranın torpağı taxılçılıq üçün əlverişlidir.  Fermer  öhdəsində olan zəmiyə lazımi qulluq göstərdiyi üçün nəticə sevindirici olub. Sahədən 4 tondan çox məhsul əldə edib. 

 Təcrübəli fermer onu da söylədi ki, bol məhsul yetişdirilməsində dövlətin köməyini yaxından hiss edirik. Birincisi, kəndimizdə su problemi yoxdur, artezianlar vasitəsilə əkinlərimizi su ilə təmin edirik, ikincisi, taxılın xəstəliklərinə və ziyanvericilərə qarşı mübarizə tədbirlərini vaxtında həyata keçiririk.  Dövlətin köməyi ilə ucuz qiymətə mineral gübrələr almışıq. Payızda isə taxılçılara subsidiya veriləcək. Bundan   başqa il boyu çörəyə pul verməyəcək, ailəlikcə yığdığımız 300 bağ samanı qışda saxladığımız  mal-qara üçün  yem kimi istifadə edəcəyik. 

 Fermerin dediklərindən də aydın görünür ki, dövlət taxılçılıqda məhsul bolluğu yaranmasında maraqlıdır. Məqsəd ondan ibarətdir ki, özümüzü  yerli istehsalla tam təmin edək ki, xaricdən idxal azalsın və  gələcək illərdə isə idxal aslılığından birdəfəlik qurtaraq. Xaricdən baha qiymətlə taxıl alınmasına son qoyulsun ki, məhsulun maya dəyəri aşağı düşsün.  Bundan həm fermerlər, həm dövlət,  həm də  əhali qazanar. 

Vəli İlyasov, “İki sahil”