21 iyul 2017 23:45
331

İdxaldan asılılıq azaldılmalı, məhsuldarlıq artırılmalıdır

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas prioritetlərdən biri də kənd təsərrüfatının inkişafıdır və bu proses hazırda da davam edir. Bu sahədə atılan mütərəqqi addımların nəticəsidir ki, 2017-ci ilin birinci yarısında  ötən ilin eyni dövrü ilə müqayisədə  kənd təsərrüfatında  2,2 faiz artım qeydə alınıb.

Qeyd etmək lazımdır ki, ölkəmizdə son illərə qədər tənəzzülə uğramış ənənəvi kənd təsərrüfatı sahələri yenidən canlandırılır və bu istiqamətdə kompleks tədbirlər görülür. Bu sahələr içərisində pambıqçılıq, baramaçılıq və tütünçülük xüsusilə fərqlənir.  Belə ki, əgər 2015-ci ildə 35 min ton pambıq tədarük edilmişdisə, ötən  il bu rəqəm təxminən 90 min tona çatıb. Keçən il 51 min hektarda pambıq əkilmişdisə, bu il 136 min hektarda pambıq əkilibdir. Nəticə etibarilə orta məhsuldarlıq 20 sentnerdən  hesablandıqda bu,  il ərzində  260-270 min ton pambıq  deməkdir.

Baramaçılıq sahəsinə nəzər saldıqda isə görmək olur ki, 2015-ci ildə təxminən 200 kiloqramdan bir qədər çox miqdarda məhsul tədarük edilmişdisə, ötən il bu rəqəm 70 ton olub. Baramaçılıq sahəsində kəskin dönüş 2017-ci ildə də davam edir. İlkin məlumatlara görə, ilin ötən dövrü ərzində 244 ton yaş barama əldə edilib.

Eyni zamanda bu sıraya tütünçülüyü aid etmək olar ki, böyük potensialı olan bu sahə yenidən bərpa edilir. Bu il ötən illə müqayisədə  tütünçülük üçün nəzərdə tutulan əkin sahələri 35 faiz artıb və ölkənin 13 rayonunda 3200 hektar ərazidə  tütün becərilir. Lakin bu sahənin rentabelliyini nəzərə alanda tütünçülüyün daha da genişləndirilməsinin zəruriliyi aydın görünür.

İnqilabi dönüşün baş verdiyi sahələrlə yanaşı, bu gün özünün inkişaf mərhələsini yaşayan çayçılıq, çəltikçilik, zeytunçuluq sahələrini də  qeyd etmək lazımdır. Bunlar arasında zeytunçuluğu  artıq ixrac imkanlarının yaranması baxımından xüsusilə göstərmək olar. Çayçılıq sahəsində ixrac həyata keçirilsə də, hələ ki buradakı xammal idxal hesabına formalaşır.   

Bunlarla yanaşı, ölkəmizə ən böyük gəlir, eyni zamanda xarici valyuta gətirən kənd təsərrüfatı sahəsi fındıqçılıqdır. Hazırda ölkə ərazisində təxminən 30 min hektar ərazidə yerləşən fındıq bağlarından əldə olunan illik gəlir 100 milyon dollardır. Yaxın perspektivdə daha 40 min hektar ərazidə fındıq bağlarının salınması nəzərdə tutulub ki, bu da sözügedən sahədən əldə olunan gəlirin ən azı  2 dəfə artacağı deməkdir.

Ölkəmizdə uzun illərdən bəri inkişafına xüsusi diqqət yetirilən əsas sahə isə taxılçılıqdır. Heç təsadüfi deyil ki,  Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev  bu məsələyə xüsusi yer ayırıb. “Biz gərək bu sahədə daha da yaxşı nəticələr əldə edək ki, idxaldan asılılığı azaldaq və məhsuldarlığı artıraq” deyən dövlətimizin başçısı məhsuldarlığı orta göstəricidən yüksək və əkisinə, aşağı  olan rayonlar arasında müqayisələr aparıb, kəskin fərqlərin müşahidə olunduğu bölgələrlə bağlı konkret tapşırıqlarını verib.

Prezident İlham Əliyev, həmçinin kartof, şəkər çuğunduru, soya əkininə toxunaraq, bu sahələrdə məhsul istehsalının artırılmasının vacibliyini  vurğulayıb. Kartofçuluğun ən çox gəlir gətirən sahələrdən olduğunu bildirən ölkə başçısı bu məhsul istehsalı üzrə yerli tələbatı ödəmə səviyyəsinin müxtəlif vaxtlarda fərqləndiyini, adıçəkilən sahədə inkişafın zəruri olduğunu diqqətə çatdırıb.

Eləcə də ölkədən xeyli miqdarda valyuta axınına səbəb olan şəkər çuğunduru və soya ilə yerli tələbatın ödənilməsinin  vacibliyini qeyd edən Prezident İlham Əliyev  bildirib ki, bu il 14 min hektar ərazidə şəkər çuğunduru və 9300 hektar ərazidə soya əkilib ki, bu da idxalı azaldacaq, əlavə olaraq ixrac imkanları yaradacaq.

Eyni zamanda, heyvandarlığın inkişafına toxunan dövlətimizin başçısı bunun  ət-süd məhsulları ilə tam təmin edilməsinə imkan verəcəyini bildirib:  “Biz o rəqəmlərə yaxınlaşırıq. Ancaq heyvandarlığın müasir texnologiyalar əsasında, iribuynuzlu mal-qaranın qapalı şəraitdə yetişdirilməsi həm torpaqlara qənaət edəcək, həm də ki, nəticələr daha yaxşı olacaq. Əlbəttə, cins mal-qaranın alınması və eyni zamanda, süni mayalanma mərkəzinin yaradılması burada dönüşə gətirib çıxaracaq.”

Ceyhun Piriyev, “İki sahil”