17 noyabr 2017 18:29
720

İmişlidə tarlalardan 11 min tondan çox pambıq yığılıb

İmişlidə pambıq yığımı sürətlə davam edir. Yığıma mütəşəkkil başlayan pambıqçılar indiyədək tarlalardan 11 min 651 ton məhsul toplayıblar. Tədarük olunan pambığın 3 min 128 tonu maşınlarla yığılıb.

Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu il İmişlidə 15 min 641,5 hektar sahədə pambıq əkilib. Ötən il isə bu rəqəm 5 min 51 hektar olub.

İmişlidə pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu il tarlalarda bol məhsul yetişib. Təcrübəli fermer Elxan Qasımov AZƏRTAC-a bildirib ki, dövlətimizin başçısının qeyri-neft sektorunun inkişafına verdiyi dəstək kənd təsərrüfatının digər sahələri ilə yanaşı, pambıq əkininə də marağı artırıb. Pambıqçılığın inkişafı ilə bağlı torpaq mülkiyyətçilərinə dövlət tərəfindən edilən güzəştlər, ayrılan subsidiyalar öz bəhrəsini verir. İndi sahələrdə ötən ildəkindən qat-qat çox məhsul var və orta hesabla hər hektardan 18-20 sentner pambıq götürülür. “Cari ildə 30 hektar sahədə pambıq becərmişəm. İndiyədək 48 ton məhsul toplayaraq qəbul məntəqələrinə təhvil vermişəm. Tədarük etdiyim məhsuldan xeyli qazanc götürdüyümə görə əkin sahəsini növbəti illərdə 70 hektara çatdırmaq fikrindəyəm”, - deyə fermer bildirib.

Qeyd edək ki, ötən il imişlili fermerlər sahələrdən 10 min tondan çox pambıq toplayıblar.