15 dekabr 2017 21:26
773

Azərbaycan nümayəndə heyəti ICAO-nun beynəlxalq konfransında iştirak edib

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Kolombo şəhərində (Şri-Lanka) hava əlaqəsinə dair çoxtərəfli danışıqların aparılması üzrə 10-cu konfransı keçirilib.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda ümumilikdə 66 dövlətdən və bir beynəlxalq təşkilatdan 426 nümayəndə iştirak edib. Beş gün ərzində 456 danışıq və müşavirələr keçirilib, görüşlər zamanı 420 ikitərəfli sənəd imzalanıb və paraflanıb.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti 15 ölkənin mülki aviasiya nümayəndə heyətləri ilə danışıqlar aparıb. Avstraliya, Keniya, Yeni Zelandiya, Tailand və Seyşel Adaları Respublikasından olan nümayəndə heyətləri ilə mülki aviasiya ekspertləri səviyyəsində hava əlaqəsi haqqında Hökumətlərarası Sazişlərin mətnləri razılaşdırılıb.

Türkiyə, Belarus və Qazaxıstanı təmsil edən nümayəndə heyətləri ilə hava yollarının istismarı üzrə danışıqlar aparılıb.

Danışıqlarda Azərbaycan tərəfdən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşı da iştirak edib.