15 dekabr 2017 21:47
911

“Ağıllı fermer təsərrüfatı”: dəyər zəncirinin iştirakçıları qarşılaşdıqları çətinlikləri müzakirə ediblər

“Ağıllı fermer təsərrüfatı” layihəsi çərçivəsində kənd təsərrüfatı istehsalında dəyər zənciri iştirakçıları (təchizatçı, istehsalçı və maliyyə institutları) arasında əlaqələrin qurulması və inkişaf etdirilməsinə dair Goranboy rayonunda növbəti interaktiv seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə layihə çərçivəsində yaradılmış 3 istehsal qrupu - dəyər zənciri iştirakçıları, xüsusi dəvət olunmuş ekspertlər və yerli bələdiyyə üzvləri iştirak ediblər.

İştirakçılara məlumat verilib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi “Ağıllı fermer təsərrüfatı” layihəsi Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən icra olunur.

Seminarda dəyər zəncirinin iştirakçıları qarşılaşdıqları maneə və çətinliklərlə bağlı müzakirələr aparıb, bu çətinliklərin aradan qaldırılması üçün gələcək fəaliyyətlərinin istiqamətlərini müəyyənləşdiriblər.

Tədbir iştirakçıları arasında Gəncə Aqrobiznes Assosiasiyası (GABA), “Ağıllı fermer təsərrüfatı” layihəsi, dəyər zənciri və onun mahiyyəti ilə bağlı maarifləndirmə işi aparılıb.

Həmçinin layihə çərçivəsində təqdim olunan “aqromarket.az” portalı, “6030” aqrar qaynar xətti, Fermer TV və “Fermer İnfo” SMS xidməti, kənd təsərrüfatında innovasiyaların və İKT-nin tətbiqi haqqında geniş məlumat verilib.