15 dekabr 2017 22:33
945

Dövlət Statistika Komitəsi: ölkə üzrə pambıq tədarükü 202 min tonu ötüb

Havaların yağmurlu keçməsinə baxmayaraq, ölkədə pambıq tədarükü davam edir. Dekabrın 15-dək pambıq qəbulu məntəqələrinə 202 min 12 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən gün 521 ton pambıq tədarük olunub.

Xatırladaq ki, son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb. Fermerlər bu dəstəkdən yararlanaraq ildən-ilə əkin sahələrini və məhsul istehsalını artırırlar. Belə ki, 2015-ci ildə 18 min hektar çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektar, tədarük 89 min ton təşkil etmişdi. Cari ildə pambıq tarlalarının sahəsi 136 min hektarı ötüb, məhsul yığımı isə ötən ilin ümumi göstəricisindən 2,4 dəfə çoxdur.

AZƏRTAC respublikada pambıq tədarükünə dair dekabrın 15-nə olan operativ məlumatı təqdim edir.