03 may 2018 14:43
2843

Azərbaycan yenidən tarix yazdı

Bu günlərdə Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisi yarışı bir daha Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş və böyük nüfuz sahibi kimi qəbul olunduğunu təsdiqlədi. Eyni zamanda, bu yarış tarixə Azərbaycanın qazandığı yeni bir uğur kimi yazıldı. Bu onu göstərir ki, Azərbaycan inkişafda olan bir dövlət kimi idman sahəsində də böyük nailiyyətlərə imza atır.

Azərbaycanın ev sahibliyi etdiyi bu möhtəşəm idman tədbirinin keçirilməsi ölkəmizdə yay turizm mövsümünün başlanması ilə üst-üstə düşdü. Məhz bu baxımdan deyə bilərik ki, digər beynəlxalq tədbirlər kimi, Formula-1 yarışması da ölkəmizə turist axınının sürətlənməsinə, respublikamızın əcnəbi vətəndaşlar tərəfindən daha yaxından tanınmasına, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasına müsbət təsir göstərdi. Qran-Pri yarışını izləyənlər arasında ölkə ictimaiyyətinin bütün nümayəndələri demək olar ki, təmsil olundu. Azərbaycan bundan öncə ev sahibliyi etdiyi beynəlxalq yarışlarda olduğu kimi, Formula-1-i də öz adına layiq möhtəşəm səviyyədə keçirdi və daha bir tarix yazdı.

Formula-1 yarışı dünyada populyar idman növlərindən biridir. Bu yarışların Bakıda keçirilməsi Azərbaycanı dünyada tanıtdı. Ayrı-ayrı dövlətlər Azərbaycanın inkişafını, tərəqqisini bir daha gördülər. Bakıya kifayət qədər turist gəldi, şəhərin otellərində boş yer tapmaq mümkün deyildi. Bu yarış ölkədə ictimai-siyasi sabitliyin olmaması, müharibə zonası kimi Azərbaycana getməyin təhlükəliliyi ilə bağlı fikirləri darmadağın etdi. Bu yarışlar qarşıdakı illərdə də Azərbaycanda keçiriləcək. Təbii ki, yarışdan kifayət qədər gəlir əldə olunacaq. Yarışın növbəti mərhələlərində həm reklam, həm də turizmlə bağlı gəlirlərin artacağı da gözlənilir.

Ölkəmizdə bir sıra önəmli beynəlxalq idman yarışlarının təşkili onun siyasi-iqtisadi nüfuzundan xəbər verir. Eyni zamanda, Azərbaycan dövləti bununla dünyaya sülh mesajını çatdırır. Bu gün Azərbaycan dünyada beynəlxalq yarışların keçirilməsi üçün ən təhlükəsiz ölkə sayılır. Keçirilən tədbirlər bunu təsdiqləyir. Formula-1 yarışlarının Bakı şəhərində keçirilməsi ölkəmizin beynəlxalq idman arenasında oynadığı müsbət rolu ilə əlaqədardır. Üstəlik, dünyada ölkəmizə baxış dəyişməkdədir. Çünki idman özü təbliğat vasitəsidir.

Tam əminliklə vurğulamaq lazımdır ki, Azərbaycanda idmanın inkişafı daim dövlətimizin diqqət mərkəzindədir. Son illər həm paytaxtımızda, həm də regionlarda çoxlu sayda Olimpiya idman komplekslərinin, idman qurğularının və meydançalarının tikilib istifadəyə verilməsi bunun əyani təzahürüdür. Həmçinin respublikamızın mötəbər yarışlara ev sahibliyi etməsi ölkəmizdə idmanın sürətli inkişafından, Azərbaycanın idman dövləti imicini qazanmasından xəbər verir.

Şəfiqə Dadaşova, “İki sahil”