19 aprel 2018 18:43
713

Azərbaycan heç zaman sönməyəcək odlar ölkəsidir

İordaniya Dövlət Televiziyası “Xəbərlər” proqramının əsas buraxılışında Azərbaycan haqqında geniş reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan heç zaman sönməyəcək odlar ölkəsidir” adlı reportajı aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək məqsədilə İordaniya Dövlət Televiziyasının ölkəmizdə səfərdə olmuş müxbiri Ahmad Hamad Al-Habarneh hazırlayıb.

Reportajda müstəqilliyini bərpa etdikdən sonra həyata keçirilmiş böyük siyasi islahatlar nəticəsində Azərbaycanda müasir, demokratik və hüquqi dövlət qurulduğu, ölkə Konstitusiyasının ümumbəşəri və demokratik prinsiplərə əsaslandığı vurğulanır. “Odlar yurdu” adlanan ölkəmizin qədim tarixə və zəngin mədəniyyətə malik olduğu, mühüm strateji əhəmiyyətli coğrafi mövqedə yerləşdiyi bildirilir.

Müəllif qeyd edir ki, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, siyasi, iqtisadi, sosial, ticarət, investisiya və mədəni sahələrdə böyük nailiyyətlər əldə edib, hazırda dünyanın inkişaf etmiş ölkələri sırasında əhəmiyyətli yer tutur.

Reportajda 11 aprel Azərbaycan Respublikası Prezidenti seçkilərinin gedişi, seçicilərin fəallığı, səsvermə prosesinin yerli və beynəlxalq təşkilatların, dünyanın müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən izləndiyi, Azərbaycan xalqının iradəsini əks etdirdiyi, demokratik, şəffaf və ədalətli şəkildə keçirildiyi ifadə olunur. Müəllif Azərbaycanda seçki qanunvericiliyinin demokratik prinsiplərə əsaslandığını, hazırkı seçkilərin veb-kameralar və internet şəbəkələri ilə də izləndiyini qeyd edir, seçicilər və müşahidəçilər ilə söhbətlər apararaq, Azərbaycan xalqının Prezident İlham Əliyevə möhkəm inandığının və xoşbəxt gələcəkləri naminə ona səs verdiklərinin şahidi olduğunu vurğulayır.